Vətəndaşların mənzillərini generalın ailəsinə satan şirkət rəhbərinə hökm oxundu

Xəbər - Samir Əli – AzerTimes:

Nizami Rayon Məhkəməsində bir mənzili bir neçə nəfərə satmaqda təqsirləndirilərək həbs edilən “İdeal-V” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Çingiz Məmmədov və cəmiyyətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədova daha bir hökm oxunub.

AzerTimes-in məlumatına görə, məhkəmə təqsirləndirilən şəxslərin hər biri barəsində 3 il azadlıqdan məhrumetmə cəzası təyin edib. Məhkəmənin hökmü ilə əvvəlki cəzaları ilə birləşdirilməklə İ.Məmmədov 12 il 6 ay, Ç.Məmmədov isə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 11 il, Ç.Məmmədov isə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

Hökmdən sonra məlum olub ki, MTK rəhbərliyi həm də mənzillərin alqı-satqısı zamanı vergidən də yayınıblar.

Onlar Dilarə Əliyeva küçəsi 717-ci məhəllədə tikdikləri binadan mənzillər satıblar, amma həmin mənzillərin dəyərini birlikdə nağd almalarına baxmayaraq, həyata keçirdiyi mənzil tikintisi fəaliyyəti üzrə qeydiyyatda olduğu vergi orqanına əlavə dəyər vergisi, torpaq vergisi və mənfəət vergisi bəyannamələrini təqdim etməyiblər. Bununla da vergidən yayınıblar.

İttihama görə, “İdeal-V” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Çingiz Məmmədov cəmiyyətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovla qabaqcadan əlbir olub, qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaları barədə məlumat vermişdik.

“İdeal-İ İnşaat” MTK 60 mənzili 90 nəfərə satıb. Məhkəmə istintaqı dövründə bəzi vətəndaşların zərəri ödənilib. Amma mənzil almaq adı ilə pul verən, sonra isə aldadılan şəxslər hələ də var.

Məhkəmə vətəndaşların xeyrinə qərar çıxardıqdan sonra sabiq deputat, general Əliağa Hüseynovun ailə üzvləri vətəndaşlara verilən mənzillərlə bağlı iddia qaldırıb. Məlum olub ki, şirkət rəhbəri vətəndaşlara satdığı mənzillərin 12-sini təkrar olaraq general Əliağa Hüseynovun həyat yoldaşına satıb.

Teqlər: