Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara məxsus bank kartlarından pul oğurlayan şəxs saxlanılıb. Araşdırmalarla onun rayon sakini Akif İbrahimov olduğu müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olduğunu bildirib.
İstintaq zamanı məlum olub ki, A.İbrahimov rayon ərazisində yerləşən bankomatların qarşısında dayanaraq əvvəlcə ondan kömək istəyən şəxslərin kart məlumatlarını əldə edib, daha sonra isə zərərçəkənlərə kartlarında pul olmadığı bildirib. Zərərçəkmişlər ordan uzaqlaşdıqdan sonra isə həmin kart məlumatlarını öz mobil telefonuna əlavə edərək, kartların balansında olan pul vəsaitlərini istifadəsində olan başqa bir karta köçürərək vətəndaşların pullarını ələ keçirib.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları Akif İbrahimovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102” xidmətinə, həmçinin Salyan RPŞ-ə müraciət etmələri xahiş olunur.