Vətəndaşlara MSK qərarlarını mübahisələndirmək hüququ verilir

Azərbaycanda vətəndaşlar qanunvericilik təşəbbüsləri ilə bağlı
Mərkəzi Seçki Komissiyasının (MSK) qərarlarını mübahisələndirə
biləcəklər.

AzerTimes-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu
gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Prosessual
Məcəlləyə təklif edilən yeni – 130-2-ci maddə əksini tapıb.

Yeni maddəyə əsasən, “Azərbaycan Respublikası vətəndaşlarının
qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası
haqqında” qanuna müvafiq olaraq qəbul edilmiş MSK-nın qərarlarının
mübahisələndirilməsinə dair iddia üzrə icraat xüsusiyyətləri
müəyyənləşir.

Dəyişiklik layihəsinə əsasən, “Azərbaycan Respublikası
vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi
qaydası haqqında” qanuna müvafiq olaraq qəbul edilmiş Mərkəzi Seçki
Komissiyasının (MSK) aşağıdakı qərarlarının mübahisələndirilməsinə
dair ərizəsi apelyasiya instansiya məhkəməsinə verilə bilər:

– Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik
təşəbbüsü hüququndan istifadə ilə bağlı yaradılmış təşəbbüs
qrupunun və təklif olunan qanun (qərar) layihəsinin qeydiyyata
alınmasından imtina barədə;

– Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik
təşəbbüsü hüququndan istifadə ilə bağlı yaradılmış təşəbbüs
qrupunun “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik
təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanunun
tələblərinə riayət etməməsi barədə.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul
edilib.

Teqlər: