Xəbər - Ceyhun Ələkbərov – Trend:
XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da Xətai rayonundakı “Ana harayı” abidəsi ziyarət olunur.
AzerTimes-ın məlumatına görə, budəfəki anım mərasimində fərqli hisslər yaşanır. 44 günlük Vətən müharibəsinin böyük qələbə ilə başa çatması, Qarabağın işğaldan azad olunması nəticəsində şəhidlərimizin, eləcə də Xocalı soyqırımı qurbanlarının qanı yerdə qalmayıb, qisası alınıb.
Anım mərasimlərinin iştirakçıları müsahibələrində bu dəhşətli cinayəti törədən erməni faşistlərinə dərin nifrət hisslərini dilə gətirir, soyqırımının təşkilatçıları və icraçılarının ədalət məhkəməsi qarşısında dayanacaqlarına, öz cəzalarını alacaqlarına inandıqlarını bildirirlər.
Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, insanlığa qarşı yönəlmiş bu vəhşi qətliamı bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədi daşıyan anım mərasimi göstərir ki, xalqımız bu faciəni heç vaxt unutmayacaq.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 63-ü uşaq, 106-sı qadın xüsusi amansızlıqla qətlə yetirilib. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülən 1275 nəfərdən 197-nin taleyi indiyədək məlum deyil.