Vətəndaşı döydürən sabiq nazirlik əməkdaşına hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa az ağır
zərər vurmada təqsirləndirilən dəstə üzvlərininin cinayət işi üzrə
məhkəmə iclası başa çatıb.

AzerTimes-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Nurlan Bəşirov 4 il, Bəhruz Əhmədov 3 il 6
ay, Fariz Daşdəmirov 3 il, Mirafiq Bəşirov 15 il, Zaur Cəlilli 3 il
6 ay, Namiq Alagözov 3 il və Vüsal Əliyev isə 13 il müddətinə
azadlıqdan məhrum edilib.

İttihama görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə istintaqı
tamamlanmış və təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri
seçilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq
əməkdaşı Vüsal Əliyevin digər cinayət əməlləri də ortaya çıxıb.

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə
İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Vüsal
Əliyev işlədiyi dövrdə yol verdiyi qanun pozuntularının aşkar
olunmasının və anasına saxta sənədlər əsasında təqaüd təyin
etdirməsi faktının üzə çıxmasında səbəbkar kimi işlədiyi Nazirliyin
adı təhlükəsizlik səbəbindən açıqlanmayan məsul əməkdaşını günahkar
bildiyindən onu döydürüb cəzalandırmaq qərarına gəlib. O, bu yolla
həmin şəxsi məhkəmədə ifadəsindən imtinaya məcbur etməyə nail olmaq
istəyib.

Vüsal Əliyev cari ilin mart ayının 19-da barəsində keçiriləcək
məhkəmə prosesində həmin əməkdaşın şahid qismində iştirakının
qarşısının alınması üçün keçmiş iş yoldaşının döyülməsini
təcridxanada onunla eyni kamerada qalan Cinayət Məcəlləsinin
quldurluq maddəsilə təqsirləndirilən Mirafiq Bəşirova pul
müqabilində sifariş edib. Mirafiq Bəşirov isə öz növbəsində
azadlıqda olan qardaşı Nurlan Bəşirovla əlaqə saxlayaraq həmin
şəxsin məhkəmə iclasında şahid qismində iştirakının qarşının
alınmasının vacib olduğunu diqqətə çatdırıb. Nurlan Bəşirov isə
tanışları Zaur Cəlilli, Bəhruz Əhmədov, Sərxan Çobanov, İsamuddin
Babayev və Fariz Daşdəmirovla qabaqcadan əlbir olan bir qrup şəxs
halında birləşərək sifarişi yerinə yetirmək üçün əvvəlcədən plan
hazırlayıblar.

Belə ki, həmin şəxsə məxsus zəruri məlumatlar cinayətkar qrupun
üzvü Bəhruz Əhmədov vasitəsilə əldə edildikdən sonra Sərxan Çobanov
və İsamuddin Babayev martın 19-da zərərçəkənin yaşadığı evin
yaxınlığında idarə etdiyi avtomobili saxlatdırıb ona müxtəlif
dərəcəli bədən xəsarətləri yetiriblər. Hadisədən sonra Nurlan
Bəşirov, Zaur Cəlilli, Fariz Daşdəmirov, Sərxan Çobanov və
İsamuddin Babayev görüşüb vəd edilmiş pulu aralarında bölüblər. Baş
İdarənin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz
tədbirlər nəticəsində həmin şəxslər saxlanılmış, onlardan dördünün
üstündən narkotik vasitə və psixotrop maddə aşkar edilərək
götürülmüşdür.

Araşdırma zamanı həmçinin müəyyən olunub ki, Vüsal Əliyev bu
hadisədən bir qədər sonra kamera yoldaşı Mirafiq Bəşirova bu dəfə
keçmiş iş yoldaşının bıçaqlanması cinayətini sifariş edib. Bu
sifariş əsasında Mirafiq Bəşirov tanışı Namiq Alagözov vasitəsi ilə
cari ilin aprelin 22-də həmin şəxsə yaşadığı evin qarajında bıçaqla
müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsini təşkil edib.
Namiq Alagözov da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri
nəticəsində şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
olunub.

Qeyd edilən faktlarla bağlı Zaur Cəlilli, Bəhruz Əhmədov, Nurlan
Bəşirov, Fariz Daşdəmirov, Sərxan Çobanov, İsamuddin Babayev və
Namiq Alagözov təqsirləndirilən şəxs qismində cəlb edilərək
barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda həbsdə olan Vüsal Əliyevə və Mirafiq Bəşirova da Cinayət
Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub.

Teqlər: