“Vətən oxuyur” Hadrutda (VİDEO)

Azərbaycan Televiziyasının Vətən müharibəsinin ildönümü münasibətilə hazırladığı layihələrdən biri də “Oxuyur Vətən”dir.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, musiqili layihə işğaldan azad olunmuş torpaqlarda çəkilir və torpaqların işğaldan azadolunma tarixlərində yayımlanır.

İlk buraxılış Suqovuşanda çəkilib və onun işğaldan azad olunduğu gün yayımlanıb.

Növbəti buraxılış isə bu gün – 9 oktyabr saat 21:00-da AzTV-də yayımlanacaq.

Hadrutun işğaldan azad olunmasının ildönümü münasibətilə qəsəbənin müxtəlif məkanlarında çəkilişlər aparılıb.

Çəkilişlərdən biri Hadrut qəsəbəsində qədim alban kilsəsində edilib.


Musiqi parçalarından biri Hadrut qəsəbəsində ermənilərin işğal dövründə müqəddəsləşdirdiyi və mərkəzdə yerləşən parklardan birində ifa olunub. Xor ifa edən musiqiçilər parkda Azərbaycan və Türkiyə bayraqlarına bürünüblər. Onlar “İgidim, aslanım” musiqisini ifa ediblər.

Layihənin məqsədi musiqinin dili ilə erməni vandalizmini nümayiş etdirmək, torpaqlarımızın işğal dövründə düşmən tərəfindən viran qoyulduğunu dünyaya göstərməkdir.

“Oxuyur Vətən”in növbəti buraxılış Füzulidən yayımlanacaq.

Layihə rəhbəri, quruluşçu rejissor Elnur Qədirov, rejissor Tərlan Tağıyev, quruluşçu operator Nicat Nağızadə, redaktorlar Təhminə Yusifova, Mintac Elsevər, Nuray Əliyevadır.

Teqlər: