Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarının Vətən müharibəsində yaralanmış qazilərlə görüşləri davam edir. Bu dəfə Sumqayıt Reabilitasiya Mərkəzində reabilitasiya kursu keçən qazi Camal İlqar oğlu Alxasovla görüş olub.
Trend xəbər verir ki, nazirlik tərəfindən qazilərin əlilliyinin qiymətləndirilməsi sahəsində operativ tədbirlər görülür. Artıq 200-dən çox qazimizə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Onlara Prezidentin aylıq təqaüdlərinin, əlilliyə görə aylıq pensiya və ya müavinətlərin proaktiv qaydada təyinatı həyata keçirilib.
C.Alxasova ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar I dərəcə müddətsiz əlillik və Prezidentin aylıq təqaüdü, həmçinin əlilliyə görə müavinət təyin olunub. Görüş zamanı qaziyə təqaüd kartı təqdim edilib. Ona müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün nəzərdə tutulan digər dəstək tədbirləri, bu tədbirlərdən necə faydalana bilməsi üçün prosedurlar barədə məlumat verilib.
Qazinin ailəsinin də sosial vəziyyəti öyrənilib, ailə üzvünün məşğulluq məsələsi həll olunub.
Vətən müharibəsində ağır yaralanaraq hər iki ayağını itirən C.Alxasovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı protezlərlə təminatı işləri də aparılır.