Ağcəbədi rayonunun İmamqulubəyli kəndinin yaxınlığında yerləşən
ölkə əhəmiyyətli arxeoloji abidələr kimi daşınmaz tarix-mədəniyyət
abidələrinin reyestrinə daxil olan “Ədiltəpə yaşayış yeri”ndən bir
ədəd küp və rayonun Hindarx qəsəbəsində yerləşən “Qazantəpə”
kurqandan bir ədəd həvəng aşkar olunub.
Bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat
veriblər.
Maddi-mədəniyyət nümunələri Mədəniyyət Nazirliyi yanında Mədəni
İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə
Regional İdarəsinin Ağcabədi rayonu üzrə abidə mühafizəçiləri Kamil
Quliyev və Elçin Abdullayev tərəfindən həmin arxeoloji abidələrə
baxış keçirərkən aşkar edilib.
Müəyyən edilib ki, yağış sularının təsiri nəticəsində “Ədiltəpə
yaşayış yeri”nin kiçik bir hissəsində sürüşmə baş verib. Sürüşmə
ilə əlaqədar arxeoloji abidənin yaxınlığında gildən hazırlanmış,
qara rəngli, hündürlüyü 22 sm, eni 19 sm olan su qabı yer üzünə
çıxıb.
Mütəxəssislərin bildiridiyinə görə su qabı e.ə VII-VI əsrlərə
aiddir. Həvəng isə Tunc dövründən Orta əsrlərə qədər istifadə
olunub.
Abidə mühafizəçiləri hər iki maddi-mədəniyyət nümunəsini
zədələmədən Gəncə Regional İdarəsinə təhvil veriblər.
Qeyd edək ki, hər iki abidə mühafizəçisi Vətən müharibəsi
qazisidir və işə bir müddət əvvəl qəbul ediliblər.