Vətən müharibəsindən sonra Tərtərdə yol infrastrukturu bərpa olunub (FOTO)

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı haqq savaşı əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkəmizin bir çox dinc şəhər və rayonları raket atəşinə tutularaq insanlıq əleyhinə cinayətlər törədildi ki, bu cinayətlər nəticəsində günahsız vətəndaşlarımız vəhşicəsinə qətlə yetirildi, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura ciddi zərər vuruldu.

AzerTimes-ın məlumatına görə, dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə dövlətimizin başçısının 2020-ci il 6 noyabr tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının fəaliyyəti nəticəsində qısa müddət ərzində qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparıldı və bu çərçivədə 11 şəhər eyni zamanda rayon ərazisində bərpa və yenidənqurma işlərinə başlanıldı ki, bu ərazilərimizdən biri də Vətən müharibəsi zamanı daha çox ziyan görməsinə baxmayaraq, düşmən hücumları ilə qəhrəmanlıqla mübarizə aparan Tərtərdir.

Tərtər ərazisində düşmən hücumları nəticəsində yol infrastrukturuna dəyən böyük ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu istiqamətdə təmir-bərpa işlərinə start verildi. İşlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən kifayət qədər texnika və canlı qüvvə səfərbər olundu.

Düşmənin təmas xəttindən aralıda dinc əhalinin yaşadığı əraziləri intensiv raket və artilleriya atəşinə tutması nəticəsində Tərtər rayonu ərazisində 1 respublika əhəmiyyətli, 6 yerli əhəmiyyətli avtomobil yoluna, həmçinin şəhər daxilində 5 küçənin yol örtüyünə ziyan dəymişdir.

Yol infrastrukturuna dəyən ziyanın aradan qaldırılması məqsədilə rayon ərazisindən keçən respublika əhəmiyyətli Bərdə-İstisu avtomobil yolunda aparılan bərpa işləri layihəsinə uyğun olaraq yolun 4.1 kilometrlik hissəsində frezlənmə işləri aparılıb, mövcud yol örtüyü və zəruri olan yerlərdə yol yatağının yararsız qruntu mexanizmlə qazılaraq çıxarılıb və kənara daşınıb, torpaq yatağının bərpası üçün yolboyu yararlı material tökülərək kipləşdirmə işləri görülüb. Sözügedən işlərin davamı olaraq əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Respublika əhəmiyyətli Bərdə-İstisu avtomobil yolunun Tərtər şəhərindən keçən hissəsində aparılan təmir-bərpa işlərinin ardınca isə respublika əhəmiyyətli digər yolun, Tərtər-Hindarx avtomobil yolunun təmiri işlərinə başlanılıb.

Bundan başqa yerli əhəmiyyətli avtomobil yollarının təmir və bərpası istiqamətində də işlər aparılıb. Belə ki, yerli əhəmiyyətli Kovdadıq – Rəcəbli, Seydimli və Düyərli yolları eyni zamanda Buruc-Gülabatlı və Bəyim-Sarov avtomobil yolları təmir olunub. Növbəti mərhələ olaraq isə Qaraqoyunlu–Küçərli avtomobil yolunun təmiri həyata keçiriləcək.


Ardıcıl olaraq Tərtər rayonunun intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində zərər görmüş şəhərdaxili Şah İsmayıl Xətai, Elman Səfərov, Şıxəli Qurbanov, Mübariz İbrahimov və Famil Qulami küçələrində də təmir-bərpa işləri yekunlaşdırılıb.

Layihəyə uyğun olaraq asfaltlanma işləri bitdikdən sonra yollar boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılıb.

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Teqlər: