Vətən müharibəsindən sonra dünya Cənubi Qafqazda yaranan yeni reallığı artıq qəbul edir

Xəbər - Elçin Mehdiyev – Trend:

Vətən müharibəsindən sonra bütün Cənubi Qafqazda yeni reallıq yaranıb və bunu artıq dünya da qəbul etməyə başlayıb. Regionda təhlükəsizlik konfiqurasiyası tamamilə dəyişib, faktiki olaraq, 30 il davam edən münaqişəyə son qoyulub. Bu baxımdan, bölgədə iqtisadi və siyasi maraqları olan güclər də öz siyasətini yeni reallığa uyğunlaşdırır.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Azərbaycan və Rusiya prezidentlərinin görüşündə müzakirə olunan məsələlərə dair fikir ayrılığının olmamasını və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin regiona səfəri zamanı “Dağlıq Qarabağ” ifadəsini işlətmədiyini xatırladan millət vəkili bildirib ki, bu, artıq dünyanın aparıcı ölkələrinin və təşkilatlarının yeni reallıqları düzgün qiymətləndirməsinin nəticəsi kimi şərh edilə bilər və Azərbaycanın həyata keçirdiyi siyasətin ciddi strateji hesablamalara əsaslandığını göstərir.

S.Məmmədov qeyd edib ki, artıq “status” məsələsinin heç bir halda müzakirə masasına çıxarılmayacağı birmənalıdır: “Cənab Prezidentin də vurğuladığı kimi, cəmi 25 min insanın yaşadığı bir ərazinin heç bir xüsusi statusu ola bilməz. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Bu ərazilərdə indi iki fərqli mənzərə var. Bir tərəfdə Ermənistanın 30 il ərzində tamamilə məhv etdiyi, heç bir həyat əlaməti olmayan yaşayış məskənləridir, digər tərəfdə isə Azərbaycan dövlətinin cəmi 8 ay ərzində həyata keçirdiyi quruculuq işləri. Yeni infrastruktur yaradılır, yollar çəkilir. Bu iki fərqli mənzərə əslində Azərbaycan və Ermənistan arasında fərqin göstəricisidir.

Düşünürəm ki, bu çox ciddi bir göstəricidir və beynəlxalq ictimaiyyətin, regional və qlobal oyunçuların da diqqətindən yayınmayacaq”.

Milli Məclisin deputatı Ermənistanın Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərməsinin heç bir nəticə verməyəcəyinə əmin olduğunu bildirib. O qeyd edib ki, dəhlizin açılmasında maraqlı olan tərəf yalnız Azərbaycan deyil: “Bu, artıq yeni geosiyasi reallıqların diktə etdiyi bir prosesdir. Ermənistanda bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşı olar. Əks halda, proseslərin gedişini əngəlləmək cəhdləri Ermənistan üçün sadəcə vaxt və enerji itkisinə səbəb olacaq. İndi Cənubi Qafqazın sülhə, sabitliyə və əməkdaşlığa ehtiyacı var. Bu, bütün region xalqlarının, eləcə də regionda maraqları olan güclərin mənafelərinə uyğundur. Ermənistan isə indi o imkanlara malik ölkə deyil ki, bu güclərin mənafelərinə qarşı çıxa, mövcud geosiyasi reallıqları dəyişə bilsin”.

S.Məmmədov kommunikasiyaların açılmasından sonra bütün region xalqlarının həyatında yeni bir dövrün başlayacağını qeyd edib. O vurğulayıb ki, iqtisadi əlaqələrin bərpası, davamlı və etibarlı sülhün əldə olunması üçün kommunikasiyaların açılmasına ciddi ehtiyac var.

Teqlər: