Xəbər - Samir Əli – Trend:
Vətən müharibəsindən sonra 35 min şəxsə 41 min xidmət göstərilib. 20 min şəhid ailəsi üzvünə sosial ödəniş təyin edilib.
AzerTimes-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “YAŞAT” Fondunun bir illik fəaliyyətinə dair mətbuat konfransında çıxışında deyib.
O bildirib ki, bu il şəhid ailəsi üzvləri və müharibə əlillərinə 2 600-ə yaxın mənzil təqdim edilib.
“İlin sonuna qədər proses davam edəcək. 10 min nəfərə yaxın şəxs sosial psixoloji dəstək xidmətlərindən yararlanıb. 1000-dən artıq şəxs təkərli oturacaqlarla təmin edilib. 163 müharibə əlili olan şəxsə 174 elektron yeni nəsil protezlər verilib. Bundan sonra təxminən 12-17 belə protezin qoyulması da planlaşdırılır. Bununla da həmin şəxslər gündəlik həyata inteqrasiya edə biləcək və əmək bazarına daxil olmasına şərait yaratmış olacaq”-nazir bildirib.
S.Babayev qeyd edib ki, 5500 nəfər şəhid ailəsi üzvü və müharibə əlili özünüməşğulluq proqramına cəlb olunub: “Əlavə 2500 nəfər işlə təmin olunub. Məşğulluq marafonu vasitəsilə 1300-ə yaxın şəhid ailəsi üzvü və qazi işə düzəlib. Bütün rəqəmlərin yekunu olaraq 9300-dən artıq bu qəbildən olan vətəndaşlar daimi iş yerləri ilə təmin olunurlar. Bakıda vahid əlaqələndirmə mərkəzi vasitəsilə ötən 3 ayda 4 163 şəxsə xidmət göstərilib. Şəbəkənin regionlara yayılmasını hədəfləyirik”.