Vətən müharibəsində Zəfərin arxasında uğurlu siyasət dayanır – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi zamanı düşmənə sarsıdıcı zərbə vuraraq torpaqlarımızı işğaldan azad edən rəşadətli ordumuz Zəfər dastanını yazdı. Bu Zəfərin arxasında isə bir sıra vacib məqamlar dayanır. Daha dəqiq desək, ölkəmizin bu Zəfərinin arxasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət dayanır. Məhz bu düşünülmüş, bütün sahələrin inkişafını hədəfləyən siyasət nəticəsində ölkəmiz regionun liderinə çevrilib.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputatın sözlərinə görə, Azərbaycandakı təkmil siyasi idarəetmə, Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan düşünülmüş, uzaqgörən, prinsipial addımlar nəticəsində Azərbaycanın daxili və xarici siyasətdə böyük uğurlar əldə etməsi, həmçinin ölkəmizdə güclü iqtisadi potensialın formalaşdırılması, dövlət başçısnın 2003-cü ildən başlayaraq həyata keçirdiyi iqtisadi siyasətin uğurları bütün dünya tərəfindən etiraf olunur:

“Elə ölkəmizdə güclü ordunun formalaşması da bu siyasətin nəticəsidir. Bildiyimiz kimi, Azərbaycanda güclü, nizami, müasir ordu quruculuğu cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edib. Respublikamızın dövlət büdcəsindən ordu quruculuğuna böyük həcmdə vəsait ayrılıb, Silahlı Qüvvələrimizin müasir silah-sursatla təminatı, kadrların peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılıb. Cənab İlham Əliyevin prezidentliyi dövründə hərbi xərclər hər il büdcə xərcləri arasında birinci yerdə dayanıb. Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsini üstələdi. Məhz bu diqqətin nəticəsidir ki, bu gün Azərbaycan Ordusunun arsenalında dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir silahlar var. Bu silahlar düşmənin istənilən hədəfini dəqiqliklə nişan almağa və məhv etməyə qadirdir”.

Deputat bildirib ki, eyni zamanda, Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq Azərbaycan qısa müddətdə özünün güclü müdafiə sənayesini qurmağa nail olub:

“Hazırda yerli müəssisələrdə buraxılan müxtəlif adda yüksəkkeyfiyyətli silah-sursat Ordumuzun təchizatında mühüm rol oynayır. Beləliklə, görülən işlərin nəticəsidir ki, Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Eyni zamanda, 44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan Ordusunun nəyə qadir olduğunun şahidi oldu. Belə ki, qısa müddət ərzində Ordumuz düşmənə sarsıdıcı zərbə vurdu, bununla da düşmən ordusunun məğlubedilməzliyi haqqında ermənilərin illərdən bəri yaratdığı mifi darmadağın etdi, Azərbaycanın da yetərincə hərbi gücə malik olduğunu təsdiqlədi”.

Deputat qeyd edib ki, həm bunlar, həm də digər məqamlar Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qələbəsini şərtləndirən amillərdən idi:

“Bu amillər sırasında strateji və taktiki planlaşdırmanı da xüsusi olaraq qeyd etməliyik. Çünki bu müharibə zamanı hərbi əməliyyatların strateji və taktiki planlaşdırmasında Azərbaycan dünyaya yeni model təqdim etdi. Yeri gəlmişkən, Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində də bu məqama toxunub. Dövlət başçısı “Təbii ki, biz qısa müddətdə, hətta əməliyyatların gedişində resurslarımızın – həm insan resurslarının, həm də texniki ehtiyatların səfərbər edilməsi üçün çox fəal iş aparmalı idik. Deməliyəm ki, həmin 44 gün ərzində biz daha bir ordu korpusu formalaşdırdıq. Qısa müddətdə – cəmi iki gün ərzində həmin korpusun şəxsi heyəti səfərbər edildi. Onlar, həmçinin bütün zəruri silahlar və texniki vasitələrlə təmin edildi. Bizim səfərbər etdiyimiz texniki imkanlar əks-hücum fəaliyyətini daha səmərəli şəkildə həyata keçirməyimizə kömək etdi. Təmas zonasının yaxınlığında yaşayan əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə böyük iş aparıldı. Həmin rayonlarda yaşayan yüz minlərlə əhalimiz hər gün erməni artilleriyasının atəşi altında olurdu. Buna görə də əhali qismən təxliyə edilmişdi. Hərçənd, deməliyəm ki, həmin kəndlərin və şəhərlərin sakinlərinin əsas hissəsi evlərində qalır və deyirdilər ki, onlar öz yurdlarından heç yerə getməyəcəklər” deyə bildirib. Bir sözlə, bu sadalananlar, həmçinin ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi, milli həmrəylik 44 günlük müharibədə öz sözünü dedi”.

Twitter: @ElchinMehdiyev

Teqlər: