Vətən müharibəsində yaralanan qazilərimizə 250-dən çox əməliyyat keçirilib

Ötən il 27 sentyabrdan başlanan, Vətən müharibəsi adlandırdığımız İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatdı. Ancaq həkimlər, xüsusən də ortopedlər üçün o davam edir və təəssüf ki, uzun illər davam edəcək. Sümük toxuması kərtənkələnin quyruğu kimi, əksər hallarda unikal bir qabiliyyətə – öz-özünə bərpaya malikdir. Ancaq, eyni zamanda, sümük toxumasının bərpasına çox vaxt lazımdır. Buna görə də, iqtisadi baxımdan ortopediya maliyyə, eyni zamanda, həm xəstədən, həm də həkimdən səbir tələb edən tibb sahəsidir. Bu gün ortopedlərdən ibarət briqadamız YAŞAT Fondu ilə birlikdə fəal şəkildə işini davam etdirir. Belə ki, bu il ərzində Vətən müharibəsində ağır yaralanan qazilərimizə 250-dən çox əməliyyat həyata keçirilib. Mən 1-ci Qarabağ müharibəsində, 20 Yanvar hadisələrində və 44 günlük Vətən müharibəsində həkim kimi ön cəbhədə xidmət göstərmişəm və hələ də göstərirəm. Həkimlərin bəzən bir əməliyyatın qərar üçün bir dəqiqədən artıq zamanı olmur. Biz bunları yaşamışıq. Bir gün ərzində 20-dən çox əməliyyat etmişik və cəmi 2 saat yuxu ilə. Çox çətin günlər idi. Vətən uğrunda yaralanmış qazilər üçün bütün qüvvəmizlə çalışırdıq. Bundan əlavə, hər gün İkinci Qarabağ müharibəsi veteranlarından posttravmatik sümük qüsurları, pəncə-əl əyrilikləri, sümük sınıqlarının birləşməməsi (gecikmiş qırıq konsolidasiyası) ilə bağlı kifayət qədər müraciət alırıq ki, üzərində səylə çalışırıq, onlara kömək edirik və bundan sonra da kömək edəcəyik.

AzerTimes-ın məlumatına görə, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İlqar Qasımov bildirib.

– Qeyd etdiyiniz fikrə əsasən travmatologiya sahəsində müharibələrə hər an hazırlıqlı olmaq üçün hansı addımlar atmaq lazımdır? Müharibə yaralanmaların digər zədələrdən fərqi nələrdir?

– Müasir silahların insan bədəninə vura biləcəyi zərər qarşısında insanların edə biləcəyi çox şey yoxdur. Qeyri-döyüş yaralanmaları ilə döyüş travmaları arasında dərin fərqlər var. Müharibə yaralarında görülən zərər, hər gün görülə bilən sadə yumşaq toxuma zədələri kimi bir şey deyil. Bundan əlavə, müharibə şəraitində iş şəraiti çox fərqlidir. Təcili müdaxilələrdə həkimlər və tibb bacıları, məhdud imkanların və vaxt çatışmazlığının həlli yollarını tapmaq və ən uyğun müalicə qərarını vermək üçün xüsusi təlim keçməli və böhran zamanlarında sakit davranmağı öyrənməlidir.

Müharibə yaraları mülki praktikada görülən travmadan nisbətən fərqlidir; demək olar ki, hamısı çirkli yaralardır. Güllə və qəlpə yaraları əhəmiyyətli orqanlara, sümüklərə və yumşaq toxumalara kütləvi ziyan vura bilərlər. İnfeksiya böyük bir təhlükədir və septik cərrahiyyə qaydaları tətbiq olunur. Mülki praktikada heç bir zədələnmə qəlpə parçaları, mina səbəbiylə meydana gələn travmatik amputasiya və ya yüksək kinetik enerji transferi istehsal edən hərbi tüfəng gülləsinin dağıdıcı zərbəsi nəticəsində yaranan travma ilə müqayisə edilə bilməz.

Silahların quruluşu, qoruyucu bədən zirehləri və nəqliyyatda hər hansı bir gecikmə yaralanmasını ağırlaşmasına təsir edəcək. Müharibə əsnasında real bir vəziyyət meydana gəlir və təsirləri ciddi şəkildə hiss olunur. Müharibənin baş verdiyi ərazi; stresin sıx olduğu, tələblərin yüksək olduğu və klinik tətbiqlərin avtomatik olaraq edildiyi mühitlərdir.

– İlk yardımın əhəmiyyəti nə qədərdir?

– Yaralanma yerində və ya döyüş sahəsinə yaxın olan ən təhlükəsiz bölgədə ilk yardım və sürətli evakuasiya həyati əhəmiyyət kəsb edir, gecikmə isə ölüm və ağırlaşmanı artırır. İlk yardım qeyri -kafi və ya uyğun deyilsə və ya təxliyə zənciri uzundursa, nəticənin nə olacağına hadisənin mahiyyəti qərar verəcəkdir. Bununla birlikdə, təxliyə müddəti artdıqca xəstəxana ölümləri azalır, çox uzun gecikmələr olduqda, ağır yaralılar xəstəxanaya çatmadan çoxdan ölür və cərrahlar vaxtlarının çoxunu sağ qalanların septik komplikasiyaları ilə keçirirlər. 1-ci Qarabağ müharibəsindən fərqli olaraq, son 30 ildə Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılması , yeni aeroportların tikilməsi , 2-ci Qarabağ müharibəsində yaralıların evakuasiyasını asanlaşdırdı və tezləşdirdi.

Bu gün Azərbaycanın ərazi bütövlüyü naminə döyüş meydanında qəhrəmancasına vuruşan və yaralanan şanlı Vətən övladlarına xidmət etmək müqəddəs borcumuzdur. Bütün şəhidlərimizi hörmətlə anırıq və hər birinə unudulmaz qələbə üçün bir ömür minnətdarıq!

Teqlər: