Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin inzibati binasında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük xidməti əməkdaşı Ülvi Hacıyevin xatirəsini əbədiləşdirmək üçün büstü qoyulub.
Komitədən AzerTimes-a bildirilib ki, bununla bağlı keçirilən mərasimdə şəhid Ülvi Hacıyevin valideynləri və yaxınları, “Azərterminalkompleks” Birliyinin rəhbərliyi iştirak edib.
Mərasimdən əvvəl tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin inzibati binadakı büstünün qarşısına əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.
Daha sonra şəhid Ülvi Hacıyevin büstünün açılış mərasimi olub. Azərterminalkompleks” Birliyinin rəisi, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov mərasimdə çıxış edərək Ülvinin həyat yolu barədə məlumat verib, onun bütün gömrük əməkdaşları üçün vətənpərvərlik, qəhrəmanlıq nümunəsi olduğunu və xatirəsinin daim yaşadılacağını bildirib.
Qeyd edək ki, 26 yaşında şəhidlik zirvəsinə ucalan Ülvi Hacıyev Bakı şəhərində doğulub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr təhsilini başa vurduqdan sonra cəbhə xəttində həqiqi hərbi xidmət keçib.
2010-cu ildə şəhidlik zirvəsinə ucalan Milli qəhrəman Mübariz İbrahimovun göstərdiyi rəşadət Ülvinin həyatında dönüş nöqtəsi olub.
Ülvi Hacıyev ömrünün hər anını vətən uğrunda döyüşlərə atılmaq, işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək arzusu ilə yaşayıb. 2020-ci ilin
iyun ayında Ermənistanın Tovuz istiqamətindəki hücumu zamanı könüllü olaraq orduya yazılan Ülvinin istəyi sentyabr ayının 28-də həyata keçib. Cəbhəyə yollanan Ülvi Hacıyev Füzuli, Cəbrayıl, Xocavənd rayonları və Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Oktybrın 19-da Şuşa şəhərinin 10 kilometrliyində baş verən döyüşlər zamanı qəhrəmanımız şəhidlik zirvəsinə ucalıb.
“Vətən uğrunda” medalı ilə təltif olunan Ülvi Hacıyev 2-ci fəxri xiyabanda torpağa tapşırılıb.