Xəbər - Elçin Mehdiyev – Trend:
Aprel döyüşləri Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynayan bir faktor oldu.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Deputat bildirib ki, Aprel döyüşlərində Azərbaycan ordusu nəyə qadir olduğunu göstərdi: “Həm dağlıq, həm də düzən ərazidə ordumuz necə döyüş aparmaq lazım olduğunu göstərdi. Əsas məsələ o oldu ki, erməni ordusu haqqında yaradılan mif sındırıldı. Aprel döyüşündən sonra Ermənistan ordusunda istefalar başlandı, korrupsiya halları ilə bağlı yoxlamalar aparıldı, hətta hakimiyyət dəyişikliyi baş verdi.
Hakimiyyət dəyişikliyinin əsas səbəblərindən biri məhz aprel döyüşlərində ermənilərin məğlubiyyəti idi. Lələtəpə yüksəkliyinin, min hektarlarla ərazinin azad edilməsi, ondan sonra həmin ərazilərdə dinc əhalinin yaşaması üçün infrastrukturun yaradılması bir daha göstərdi ki, biz ərazilərimizin işğal altında qalması ilə heç zaman barışmayacağıq”.
A.Nağıyev vurğulayıb ki, Aprel döyüşlərində əldə edilmiş təcrübədən irəli gələrək 2016-2020-ci illər ərzində Azərbaycan ordusunda yenidənqurma işləri, yeni silahlarla təchiz olunma, hərbi taktikanın təlimlər vasitəsilə yenidən təkmilləşdirilməsi, eyni zamanda hərbi kadr potensialının yetişdirilməsi prosesi getdi və müasir müharibə aparılması üçün yeni silahlardan necə istifadə olunması itiqamətində təlimlər həyata keçirildi:
“Məhz Aprel döyüşlərindən başlayan proseslər 2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə nəticələndi. Eyni zamanda, bu döyüşlərdən sonra bir sıra döyüşlər oldu. Həm Naxçıvan istiqamətində Günnüt əməliyyatı, həm də Tovuz döyüşləri bir daha göstərdi ki, Azərbaycan ordusu yüksək döyüş qabiliyyətinə malikdir və torpaqlarının bir qarışını da kiməsə verəsi deyil. Tovuz döyüşlərində də Azərbaycan Ali Baş Komandanın qətiyyətinin, Azərbaycan ordusunun döyüş qabiliyyətinin və Azərbaycan xalqının birliyinin ən yüksk səviyyədə olduğunu gördük”.