Vətən müharibəsində iştirak etmiş hərbçilər təltif olunublar (FOTO/VİDEO)

Əlahiddə Ümumqoşun Orduda Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2021-ci il 24 iyun
tarixli Sərəncamları ilə təltif edilmiş Vətən müharibəsi
iştirakçılarına medallar təqdim edilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, medalların təqdim edilməsi mərasimində
əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib.

Vətən müharibəsi iştirakçıları ilə görüşən Əlahiddə Ümumqoşun
Ordu komandanı,
general-polkovnik Kərəm Mustafayev müstəqil dövlətimizin qurucusu
ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Ordu quruculuğu
siyasətindən və 44 günlük müharibə ilə qazanılan Zəfərdən
danışıb.

General-polkovnik Kərəm Mustafayev bildirib ki, ümummilli lider
Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan
cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində
suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda gedən mübarizədə
xalqımız əzm və iradə ilə bir yumruq olub düşmənə sarsıdıcı
zərbələr endirdi. Vətən müharibəsi ilə yazılan bu tarix
Azərbaycanımızın inkişafı üçün möhkəm bünövrə olmaqla bərabər
regionumuz üçün də dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı
və təhlükəsizliyi təmin edən mühüm amildir. Vətən müharibəsində
iştirak etmiş Naxçıvandan olan hərbçilərə və Əlahiddə Ümumqoşun
Ordunun şəxsi heyətinə yüksək qitmət verən Müzəffər Ali Baş
Komandan cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvanlılar İkinci
Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi
fəal iştirak ediblər… Başqa bütün bölgələrdən olan hərbçilərlə
bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və
torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər,
şəhidlər veriblər”.

Martın 15-də şəhid ailələrinə və qazilərə mənzillərin, Vətən
müharibəsi iştirakçılarına avtomobillərin təqdim olunduğu tədbirdə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif
Talıbov ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın xoşbəxt
gələcəyi Azərbaycan vətəndaşlarının Vətənə olan sevgisi,
vətənpərvərliyi və millətimizin qüdrəti ilə bağlıdır”-fikirlərini
xatırladaraq demişdir: İkinci Qarabağ müharibəsində Lider-xalq
birliyi və igid oğullarımızın qəhrəmanlığı xalqımıza böyük Zəfər
qazandırdı.”

Azərbaycan-Türkiyə dostluq əlaqələrindən və hərbi
əməkdaşlığından danışan Əlahiddə Ümumqoşun Ordu komandanı,
general-polkovnik Kərəm Mustafayev 2021-ci il iyunun 15-də Şuşa
şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa
Bəyannaməsi”nin Qafqaz regionu üçün əhəmiyyətini və bu kontekstdə
Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyətinin nəzərə
alınacaq perspektivini qeyd edib.

Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçıları kapitan
Üzeyir Novruzov və baş leytenant Fariz Babayev döyüşlər barədə
təəssüratlarını bölüşüb, müharibə iştirakçılarına və şəhid
ailələrinə göstərilən qayğıdan danışıblar.

Tədbirdə dövlət təltifləri haqqında məlumat verilib və
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci
il 24 iyun tarixli Sərəncamları ilə təltif edilmiş İkinci Qarabağ
müharibəsinin iştirakçılarına Xocavəndin, Cəbrayılın, Zəngilanın və
Ağdamın azad olunmasına görə medalları təqdim edilib.

Şəxsi heyətin təntənəli keçidi ilə təltifetmə mərasimi başa
çatıb.

Teqlər: