Vətən müharibəsi son 200 il ərzində xalqımıza qarşı yönəlmiş işğalçılıq siyasətinə son qoydu

Xəbər - Elçin Mehdiyev – Trend:

44 günlük Vətən müharibəsi son 200 il ərzində mərhələlərlə azərbaycanlılara, xalqımıza qarşı yönəlmiş işğalçılıq siyasətinə son qoydu. Bununla da ordumuz XXI əsrin müasir müharibəsinin aparılması taktika və strategiyasını da yaratdı. Hansı ki, hazırda dünyanın ən inkişaf etmiş ölkələri bunu hərbi dərsliklərə salaraq öyrənirlər.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Vətən müharibəsində əldə olunan qələbə ilə erməni təbliğat maşınının 200 il ərzində yaratdığı miflər, “böyük Ermənistan” xülyası, “ermənilərin döyüşkən xalq olduğu” haqqında uydurmaları da param-parça oldu: “Ötən ilin 27 sentyabrından başlanan və 44 gün davam edən Vətən müharibəsində şanlı Zəfər qazanıldı. Bununla da Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı.

44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya göstərdi. Xüsusilə, qeyd etmək istəyirəm ki, bu dövrdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev həm hərb meydanında, həm diplomatik müstəvidə, həm də informasiya müharibəsində böyük üstünlük nümayiş etdirdi. Təbii ki, qazandığımız qələbədə bu amil müstəsna rol oynayır”.

Deputat vurğulayıb ki, Ermənistan müharibə ərzində Azərbaycan ordusu qarşısında aciz qalaraq yenə də çirkin əmələ əl atdı, şəhərlərimizi qadağan olunmuş raketlərlə atəşə tutdu, mülki insanlarımızı qətlə yetirdi: “Bu, Ermənistan tərəfindən xalqımıza qarşı törədilən növbəti ağır müharibə cinayəti idi. Ermənistan bu cinayəti törətməklə Azərbaycan xalqını ruhdan salmaq, qorxutmaq istəyirdi, lakin xalqımız nəinki ruhdan düşmədi, əksinə yumruq kimi öz Liderinin ətrafında daha sıx birləşərək əzm, iradə, cəsarət nümayiş etdirdi, çünki xalqımız öz Liderinə və Ordumuzun gücünə inanırdı. 44 günlük Vətən müharibəsi zamanı xalqımız milli iradə, milli ruh, milli ləyaqət təntənəsi nümayiş etdirdi”.

Deputat bildirib ki, artıq müharibə tarixdə qaldı, artıq ərazi bütövlüyü problemi yoxdur və “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil: “Azərbaycanın Vətən müharibəsində qələbəsi erməni faşizmi üzərində qələbə idi. Ermənistan bu məğlubiyyətdən həm də böyük psixoloji sarsıntı keçirib, hələ də xəyallarla yaşayır, revanşizim iddiaları səsləndirirlər. Ermənistanda hakimiyyət dəyişikliyi olsa da onların xisləti hələ də dəyişməyib, Ermənistanda tüğyan edən azərbaycanfobiya, islamofobiya psixi xəstəlik dərəcəsinə çatıb.

Ermənistan və onun havadarları 44 günlük Vətən müharibəsindən dərs almalı, bu günə qədər yürütdüyü faşizm siyasətinin acı nəticələrini qəbul etməlidir, çünki erməni faşizminin təzahürləri, revanşizm meyilləri, ilk növbədə, Ermənistanın özü üçün təhlükədir.

Azərbaycan müharibədən sonra da öz ordusunu gücləndirməkdə davam edib və Ermənistanın hər bir təxribatına layiqli cavab verməyə və onu yenidən cəzalandırmağa hazırdır”.

Deputat əlavə edib ki, bu gün xalqımız qəhrəman şəhidlərimizin xatirəsini dərin hörmətlə anır: “27 sentyabr tarixi rəşadətli və müzəffər ordumuzun yenilməz sərkərdəsi, Ali Baş Komandanımız, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Anım Günü günü kimi Azərbaycan tarixində ilk dəfə qeyd olunur. Bu sərəncam ölkə Prezidentinin torpaqlarımızın azadlığı uğrunda böyük şücaət göstərmiş, bayrağımızı işğaldan azad edilən torpaqlarda dalğalandırmış və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizə, əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq imzalanıb. Bu şəhidlərin ruhlarına və onların ailələrinə, doğmalarına, bütövlükdə isə Azərbaycan xalqına ən ali ehtiramın göstəricisidir. Xalqımız bundan sonra da hər zaman Anım Gününü böyük ehtiramla yad edəcək, öz şəhidlərinin ruhu qarşısında baş əyəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.

Teqlər: