Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub (FOTO/VİDEO)

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədi ilə “Şəhidlər ölməz – Vətən bölünməz!” tədbirlər silsiləsi çərçivəsində növbəti anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Vətən müharibəsi şəhidləri Yusif Nəcəfov, Gülverdi Qasımov, Əli Heydərov və Əli Əliyevin xatirəsinə həsr olunan anım mərasimində onların ailə üzvləri, dostları, döyüş yoldaşları, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarx təqdim olunub.
Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının qəhrəmanlığından, mübarizliyindən danışıblar.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, eləcə də övladlarının xatirəsinin uca tutulduğuna görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti qəhrəmanlığı, vətənpərvərliyi tərənnüm edən musiqilər ifa edib.

Teqlər: