Azərbaycanın 44 günlük Vətən müharibəsinin başlamasının birinci ildönümü və şəhidlərin Anım Günü ilə əlaqədar sentyabrın 26-da İstanbulda anım mərasimi keçirilib.
AzerTimes-ın məlumatına görə, Azərbaycan Respublikası Gənclər Fondunun və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə təşkilatçılığı ilə keçirilən mərasim çərçivəsində əvvəlcə İstanbulun tarixi Ayasofya məscidində şəhidlərin ruhuna sübh namazı qılınıb.
Sonra Ayasofya məscidinin qarşısında Türkiyə gəncləri adından yerli və xarici media qurumlarına bəyanat səsləndirilib.
Bəyanatda İkinci Qarabağ müharibəsində Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə qazanılan şanlı Zəfərin tarixə qızıl hərflərlə yazıldığı, qardaş Türkiyənin həmişə olduğu kimi, bu savaşda da ölkəmizin yanında yer aldığı xatırlanıb.
Bildirilib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Qarabağ müharibəsinin qısa zamanda Azərbaycanın Qələbəsi ilə başa çatmasının əsas səbəbi Prezident İlham Əliyevin qətiyyəti və sərkərdəlik qabiliyyəti olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin ilk günlərindən Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və qardaşını heç vaxt tək qoymadığını söyləyib.
Türkiyə və Azərbaycan qardaşlığının tarix boyunca çətin sınaqlardan keçməsinin vurğulandığı bəyanatda bildirilib ki, 103 il əvvəl – 1918-ci ildə Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsinin Azərbaycan tarixində mühüm yeri var. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin dediyi kimi, Türk ordusunun Bakıya gəlişi və şəhəri erməni quldur dəstələrinin hücumlarından xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı bu çətin dövrdə türk xalqının köməyini heç vaxt unutmayacaq”.
“Bu tarixi bağın davamı kimi Azərbaycan və Türkiyə prezidentləri bir-birinə “qardaş” deyir, ay-ulduzlu bayraqlarımız bir yerdə dalğalanır. Bu isə dostlarımızda qürur, düşmənlərimizdə qorxu hissi yaradır. Vətən müharibəsində qazanılan Qələbə bölgədə güc balansının dəyişməsinə səbəb olsa da, bu, Azərbaycan ilə Türkiyə arasında yeni birlik və həmrəyliyin növbəti nümunəsi kimi tarixə düşüb. Bu birlik siyasətdən daha üstün, mənəvi birlikdir. Bu birlik tarixə qızıl hərflərlə yazılmış qardaşlıqdır. Can Azərbaycanın yanında olmaqda davam edəcəyik. Bütün dünya Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz və əbədi birlik olduğuna bir daha şahidlik etdi. Şanlı Qarabağ Zəfəri uğrunda canından, qanından keçən şəhidlərimizi hörmət və minnətdarlıqla anır, bir daha “Bir millət, iki dövlət” deyirik”, – deyə Türkiyənin Gənclik Vəqfinin bəyanatında bildirilib.