Vətən müharibəsi şəhidinin doğum günü qeyd edilib (FOTO)

89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev tərəfindən Ağdaş rayon, Şəmsabad kəndinin İkinci Qarabağ-Vətən Müharibəsi şəhidi Feruzlu Əlibəy Samir oğlunun doğum günü anılıb.

AzerTimes-ın məlumatına görə, şəhid ailəsinə başsağlığı bildirilərək şəhidimizin ruhu dərin hüznlə yad edilib. İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycan gəncliyinin vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Möhtəşəm Qələbə nəticəsində bütün şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb.

Yaşasaydı Əlibəyin 23 yaşı tamam olacaqdı. Şəhid Feruzlu Əlibəy Samir oğlu 14 Sentyabr 1998-ci il tarixində Ağdaş rayonunun Şəmsabad kəndində anadan olmuşdur.

4 oktyabr 2016-cı ildə Əlibəy həqiqi hərbi xidmətə çağırılmış, Bakı şəhərində Daxili Qoşunlarda xidmət etmiş və 2018-ci ildə hərbi xidməti başa vuraraq evə qayıtmışdır.

Ancaq Əlibəyin hərbçi olmaq arzusu onu 2019-cu ildə yenidən hərbi xidmətə yönəltmiş və həmin ilin avqust ayında Mingəçevir şəhərində N saylı hərbi hissədə işə başlamışdır.

O, hərbidə Xüsusi Təyinatlı Kəşfiyyatçı və Snayperçi olmuşdur. 2020-ci ilin iyul döyüşlərində iştirak etmiş və İkinci Qarabağ – Vətən Müharibəsi başlayan ilk gündən döyüşlərə atılmışdır. Ağdam, Talış kəndi, Suqovuşan, Ağdərə və Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edərək Suqovuşanın azad olunması uğrunda 04 oktyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur.

Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına əsasən Əlibəy ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.

Teqlər: