Vətən müharibəsi şəhidinin barelyefin açılış mərasimi keçirilib (FOTO)

Xəbər - Fərid Zöhrabov – Trend:

Vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş və qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmış Xəyal Müseyib oğlu Balakişiyevin adına oxuduğu Yasamal rayonu 175 saylı orta məktəbin qarşısında hazırlanmış barelyefin açılış mərasimi keçirilib. Tədbirdə şəhidin valideynləri, döyüş yoldaşları, müxtəlif dövləq qurumlarının nümayəndələri iştirak edib.

Şəhidimizin anası Nazimə Vəliyullayeva Trend -ə açıqlamasında bildirib ki, Xəyal anasının anası olan vətənini hər kəsdən üstün tutdu. Müharibə başlayanda könüllü torpaqlarımızı erməni işğalından azad etmək üçün döyüşə getdi.

“O həmişə deyirdi ki, mən Qarabağı düşməndən azad edənlərdən olacam. Xəyalın içində uşaqlığından Qarabağ sevgisi var idi. Hərbi xidmətini Ağdam rayonunda keçirmişdi. Əsgərlikdən qayıtdıqdan sonra mənə deyirdi ki, ana o gözəl yerləri düşmən işğalından azad etmək lazımdır.

Keçən il sentyabrın 27-də evə gəlib məni təbrik elədi ki, müharibə başlayıb. Oktyabrın dördü cəbhəyə yollandı. Cəbhənin müxtəlif istiqamətlərində qəhrəmancasına döyüşüb. Oktyabr ayının 25-də Füzuli rayonu istiqamətində gedən dyüşlərdə şəhid olub.

Allahdan bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyirəm”

Teqlər: