Xəbər - Ceyhun Ələkbərov – Trend:
44 günlük Vətən müharibəsinin şəhidi Rüfət Məmmədlinin doğulduğu Ağstafa rayon Saloğlu kəndində adı əbədiləşdirilib.
AzerTimes-ın məlumatına görə, şəhidin xatirəsinə bulaq salınıb. Təşəbbüs kənd sakinləri və ziyalılar tərəfindən həyata keçirilib. “Şəhidlər bulağı”nın açılışında Müdafiə Nazirliyinin əməkdaşları, şəhidin ailə üzvləri və rayon sakinləri iştirak ediblər.
Şəhid Rüfət Məmmədli müharibədə yaralı düşdüyü zaman yaxın qohumundan onun adına bulaq salınmasını xahiş edib.
Məmmədli Rüfət Vidadi oğlu 1993-cü il noyabrın 23-də Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyaya gəlib. 2012-2013-cü illərdə N saylı hərbi hissədə hərbi xidmətdə olub. Kəşfiyyatçı snayper olan Rüfət Məmmədli 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyun ayında Tovuz döyüşlərində də iştirak edib.
Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayan zaman isə o, könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrə yazılıb. Qorxmaz və igid döyüşçü olan Məmmədli bir neçə rayonumuzun işğaldan azad olunması uğurunda gedən döyüşlərdə qəhrəmalıqlar göstərib. Şuşanın azadlığı uğurunda gedən döyüşdə – noyabrın 8-də şəhidlik zirvəsinə ucalıb. Noyabrın 12-də Saloğlu qəsəbə qəbiristanlığında dəfn olunub.
Rüfət Məmmədlinin 2 azyaşlı övladı var.