Oktyabrın 5-də Müdafiə Nazirliyinin idarə və təşkilatlarının əməkdaşları, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə, qazilər və digər ictimaiyyət nümayəndələri ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda mərdliklə döyüşən və 2020-ci il oktyabrın 5-də qəhrəmancasına həlak olan kapitan Həmid Kərim oğlu Cəfərlinin Şəhidlik zirvəsinə yüksəlməsinin ildönümü ilə əlaqədar II Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidimizin ruhuna dualar oxunub, məzarı üzərinə əklil və tər güllər düzülüb.
Mərasimdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhidlərə, o cümlədən şəhid kapitan Həmid Cəfərliyə Allahdan rəhmət, anasına və doğmalarına səbir diləyib: “Hərbi xidmət hər bir insanın həyatında vacib bir mərhələdir. Hər ana qəhrəman oğul dünyaya gətirmir, hər ata igid böyütmür. Həmid hərb yolunu şüurlu şəkildə seçmişdi. O, bu yola qədəm qoyanda torpaqlarımız işğal altında idi. Həmid yağı düşməndən qisas almaq, 30 il düşmən tapdağı altında olan Vətənimizi işğaldan azad etmək üçün hərbi sahəni seçmişdi. Ordu cəsarət, kişilik məktəbidir. Bu peşə insanda xarakter, güc, iradə formalaşdırır. İkinci Qarabağ savaşında uğurlu əks-hücum əməliyyatının elə ilk saatlarından etibarən düşmənin müdafiə xəttini darmadağın edən Azərbaycan Ordusu, igid, qəhrəman əsgər və zabitlərimiz bir-birinin ardınca şəhərlərimizi, kəndlərimizi, yüksəkliklərimizi azad etdilər. Vətən müharibəsi Azərbaycanın şərəfli Qələbəsi kimi tarixdə qalacaq. Bu Qələbəni qazanmaq yolunda bütün xalqımız birlik və həmrəylik nümayiş etdirdi”.
Daha sonra çıxış edən YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə vurğulayıb ki, hazırda hər birimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin uyuduğu ən müqəddəs məkanlardan birindəyik: “Mən bu qəhrəmanların ruhu qarşısında baş əyirəm. Belə cəsur övladlar böyütdükləri üçün onların valideynləri qarşısında baş əyirəm. O valideynlər qürur hissi keçirməlidirlər. Çünki onlar vətənpərvərlik, Vətənini, dövlətini, xalqını sevmək nümunəsini ortaya qoyan gənclər böyüdüblər. Şəhidlərimiz xalqımızın qəlbində əbədi yaşayacaqlar. Şəhidlərimizin şücaətini, fədakarlığını, onların Vətənə, dövlətə bağlılığını dövlətimiz, Ali Baş Komandan, cənab Prezident İlham Əliyev, bütün xalqımız hər zaman yüksək qiymətləndiriblər. İnanıram ki, bundan sonra hər gəncimiz bu igidlərin həyat amalını özlərinə örnək götürəcəklər. Bu müqəddəs yerdə uyuyan şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq tarixini yazanlardır. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə, doğmalarına səbir diləyirəm”.
Şəhid kapitan Həmid Cəfərlinin ailəsi adından çıxış edən dayısı Elmar Hüseynov torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən oğullarının əziz xatirəsini andıqları üçün Xətai Rayon İcra Hakimiyyətinə və YAP Xətai rayon təşkilatına minnətdarlığını bildirib.
Sonra “Hicaz” mərasim evində şəhid kapitan Həmid Cəfərlinin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.