Vətən Müharibəsi Qəhrəmanının övladları himayəyə götürülüb (FOTO)

Şəhid ailələri, qazilər, müharibə iştirakçıları dövlətin və ölkəmizin ictimai təşkilatlarının daim diqqət mərkəzindədir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatları da bu kateqoriyadan olan insanlara xüsusi qayğı ilə yanaşır.

Belə ki, AHİK-in üzv təşkilatı olan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən II Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant İbrahimli Adil Asəm oğlunun 2 azyaşlı övladı – İbrahimli Əbəlfəz və İbrahimli Aidə himayəyə götürülüb. 18 yaşına çatanadək onların hər birinə ayda 150 manat (ümumilikdə 300 manat) pul vəsaiti ödəniləcək. Bununla da Azərbaycan həmkarlar ittifaqları tərəfindən himayəyə götürülən şəhid övladlarının sayı 274-yə çatıb (164 şəhidin 274 övladı).

Dekabrın 2-də şəhidin atası Asəm İbrahimov AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev tərəfindən qəbul edilib. Görüşdə şəhidin həyatından, döyüş yolundan, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan bəhs olunub. S.Möhbalıyev vurğulayıb ki, Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə böyük və şanlı tarixin müəllifi oldu, ərazi bütövlüyümüz təmin olundu, ölkəmizin bütün ərazisində dövlətimizin suveren hüquqları təmin edildi. Onun sözlərinə görə, Adil kimi oğullarımızın qəhrəmanlıqlarını müdrik xalqımız heç vaxt unutmayacaq, hər zaman onları böyük ehtiramla yad edəcək. Səmimi qəbula və göstərdiyi qayğıya görə, AHİK sədrinə təşəkkür edən Asəm İbrahimov bütün şəhidlərimizə dövlətimiz və xalqımız tərəfindən göstərilən diqqətdən razı qaldıqlarını bildirib. Görüşdə iştirak edən şəhidmizin qardaşı Anar İbrahimov qardaşı kimi hər zaman Vətənin müdafiəsinə hazır olduğunu bildirib. AHİK sədri Anar İbrahimovun Konfederasiyada işlə təmin olunması üçün əmr imzalayıb.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı olan Adil İbrahimli 9 sentyabr 1992-ci il tarixində Sumqayıt şəhərində anadan olub. 2008-2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə orta, 2011-2015-ci ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. O, Xüsusi Təyinatlı Qüvvələrin sıralarında Baş Kəşfiyyatçı, Qrup Komandirinin müavini, Qrup Komandiri vəzifələrində xidmət edib. Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub və II Fəxri xiyabanda dəfn olunub.

O, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Adil İbrahimli həmçinin dövlət başçısının digər sərəncamları ilə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin.

Teqlər: