Abşeron rayonunda xalqımızın tarixi qələbə qazandığı Vətən Müharibəsində igidlik göstərərək şəhidlik zirvəsinə yüksələn, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülmüş şəhid kəşfiyyatçı kapitan Veysəl Yadulla oğlu Musibovun anadan olmasının 35-ci ildönümü qeyd edilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və məktəblilər iştirak edib.
AzerTimes xəbər verir ki, iştirakçılar Xırdalan şəhərindəkı Şəhidlər Xiyabanına gələrək qəhrəmanımızın məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə RİH başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, Azərbaycanın Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli iradəsi və rəhbərliyi, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı ilə xalqımız döyüş meydanında düşmənə qalib gəldikdən sonra Qarabağa həyat yenidən qayıdıb. İşğaldan azad olunan rayon və kəndlərimizin surətli şəkildə bir-birinin ardınca bərpa olunduğunu, soydaşlarımızın öz yurdlarına geri döndüyünü vurğulayan RİH başçısı fevralın 7-də Qarabağda azad və demokratik Prezident seçkilərinin təhlükəsizlik şəkildə keçirildiyini bildirib. RİH başçısı qeyd edib ki, ilk dəfə olaraq bütöv Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərində Möhtərəm Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, o cümlədən ailə üzvlərinin Xankəndidə səs vermələrinin çox böyük əhəmiyyəti vardır. Bu, həm də Qarabağın əsl sahiblərinin kimlər olduğunun sübutu, “Qarabağ Azərbaycandır!” devizinin təzahürüdür.
RİH başçısı şəhidlərimizin, qazilərimizin, ümumilikdə ordumuzun sayəsində dədə-baba torpaqlarımıza döndüyümüzü xatırladaraq, şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində müxtəlif layihələrin həyata keçirildiyini qeyd edib. Abdin Fərzəliyev bildirib ki, Vətən Müharibəsi Qəhrəmanı Veysəl Musibovun həyat və fəaliyyəti yetişməkdə olan gənc nəsil üçün nümunədir və onun həyata keçirdiyi qəhrəmanlıqlar vətənpərvərlik ruhunun aşılanmasında müstəsna əhəmiyyətə malikdir.
Daha sonra tədbir qəhrəmanımızın adını daşıyan Xırdalan şəhər Musibov Veysəl adına 5 saylı tam orta məktəbdə davam etdirilib. Burada məktəblilər tərəfindən hazırlanan və şəhidlərimizə, vətənimizə aid şeir və mahnılar təqdim olunub. Şəhid kapitan Veysəl Musibovun anası Səməngül Musibova da öz növbəsində dövlət tərəfindən şəhid ailələrinə yüksək diqqət və qayğının göstərildiyini bildirərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.