Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun ailəsi ziyarət olunub (FOTO)

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov
44 günlük Vətən müharibəsində şanlı tarix yazan qəhrəmanlarımızdan
olan şəhid polkovnik-leytenant Əkbərov Orxan Nadir oğlunun ailəsini
Ramazan bayramı ərəfəsində ziyarət edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, O.Əkbərov şərəfli döyüş
yolu keçib və Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən Müharibəsi
Qəhrəmanı” adı, “Vətən uğrunda” medalı və “Füzulinin azad
olunmasına görə” medalları ilə təltif edilib.

İki övladı yadigar qalan şəhidimizin ailəsi Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3 otaqlı mənzillə təmin
olunub. Ailəyə birdəfəlik sığorta ödənişi verilib, Vətən Müharibəsi
Qəhrəmanı üçün nəzərə tutulmuş Prezident təqaüdü və ailə başçısını
itirməyə görə pensiya ödənilir. Şəhidin həyat yoldaşı
özünüməşğulluq proqramına cəlb edilib və kiçik ailə təsərrüfatı
yaradılıb.

Görüşdə şəhid O.Əkbərovun vətənpərvərliyindən, döyüşlərdə
göstərdiyi igidliklərdən bəhs olunub. Bütün şəhidlərimizin, o
cümlədən şəhid O.Əkbərovun xatirəsinin xalqımızın qəlbində əbədi
yaşayacağı qeyd edilib.

Şəhid ailəsinin yaşayışının bundan sonra da daim diqqətdə
saxlanacağı vurğulanıb.

Teqlər: