Oktyabrın 21-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Ramiz Vaqif oğlu Qasımovun şəhidliyinin birinci ildönümü münasibətilə anım mərasimi keçirilib.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tədbirdə Müdafiə Nazirliyi, Hərbi Hava Qüvvələri və Xəzər Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri, xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları, döyüş yoldaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
“İlkimiz, sonumuz, andımız Vətən!” adlı vətənpərvərlik tədbirində əvvəlcə “Milli şahinlərimiz Vətən müharibəsində” klipi nümayiş etdirilib, sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Polkovnik Abdulla Qurbani Azərbaycan tarixinin şərəfli səhifələrindən olan Vətən müharibəsində qazanılan möhtəşəm zəfərin xalqımızın və dövlətimizin həyatında mühüm əhəmiyyətindən danışıb, bu qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, qəhrəman ordumuzun hərbi qulluqçularının igidlik və şücaətinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdə məharətinin, qətiyyətinin, hücum diplomatiyasının və dəmir yumruğunun qələbəsi olduğunu vurğulayıb. Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin 44 günlük Vətən müharibəsinin ilk günündən son gününədək düşmənə qarşı əks hücum əməliyyatlarında xüsusilə fərqləndiyini qeyd edib.
Nəzərə çatdırılıb ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilən hərbi qulluqçularımızdan biri də polkovnik-leytenant Ramiz Qasımovdur.
R.Qasımov 17 fevral 1975-ci ildə Beyləqan rayonunda anadan olub. 1992-ci ildə Beyləqan şəhər orta məktəbini bitirdikdən sonra Azərbaycan Ordusunda Uçuş Hazırlığı Təlim Mərkəzini və Azərbaycan Ali Hərbi Təyyarəçilər Məktəbini bitirib. Hərbi Hava Qüvvələrində Vertolyot eskadriliyasının axtarış-xilasetmə xidmətinin aviasiya manqasının şturmanı vəzifəsindən Aviasiya bazası komandirinin uçuşların təhlükəsizliyi üzrə müavini – uçuşların təhlükəsizliyi bölməsinin rəisi vəzifəsinədək yüksələn Ramiz Qasımov harada, hansı vəzifədə xidmətindən asılı olmayaraq həmişə qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib. 2016-cı il Aprel döyüşlərində və 2020-ci il Tovuz döyüşləri zamanı Hərbi Hava Qüvvələrimizin döyüş salnaməsinə parlaq səhifələr yazıb.
Yüksək “Snayper” dərəcəsinə yüksələn təlimatçı, sınaqçı milli pilotlarımızdan olan Ramiz Qasımov sağlığında 7 döyüş medalı ilə təltif olunub.
Azərbaycan Silahlı Qüvvələrinin veteranı olan təcrübəli və peşəkar pilotumuz neçə-neçə milli təyyarəçi kadrın yetişməsində, formalaşmasında səylərini əsirgəməyib. Komandanlıq və şəxsi heyət arasında böyük nüfuz sahibi olmaqla yanaşı, həm də yüksək mənəvi və iradi keyfiyyətlərə malik şəxsiyyət, mütəxəssis kimi fərqlənib.
Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başladığı Vətən müharibəsinin ilk günündə düşmən üzərinə əks hücuma keçən polkovnik-leytenant Ramiz Qasımov öz ekipajı ilə Ağdərə-Tərtər istiqamətində hərbi əməliyyatlar zamanı düşmənin radio-elektron mübarizə vasitəsini, zenit-raket kompleksini məhv edib, düşmənə canlı qüvvə sarıdan xeyli itkilər verib. Lakin, onun idarə etdiyi döyüş vertolyotu vurulduqdan sonra o, yaralanmasına baxmayaraq mülki əhalinin zərər çəkməməsi üçün vertolyotu təhlükəsiz istiqamətə kənarlaşdırıb, ekipaj üzvlərinin gəncliyini nəzərə alaraq onların birinci olaraq tullanmasına şərait yaradıb, özü isə sonuncu olaraq kabinəni tərk edib.
Ağır zədə alan pilot həkimlərin 25 günlük ciddi səylərinə baxmayaraq komadan ayılmayıb və 2020-ci il oktyabrın 20-də şəhidlik məqamına ucalıb.
Hərbi Hava Qüvvələrinin Komandanı – Müdafiə nazirinin müavini, general-leytenant Ramiz Tahirov xalqımızın ümummilli lideri Heydər Əliyevi xatırlayaraq deyib: “ Ulu öndərimiz istəyirdi ki, bizim güclü milli aviasiyamız olsun, istəyirdi ki, bizim cəsur şahinlərimiz olsun, bu şahinlər öz məharətlərini bütün dünyaya göstərsinlər, o cümlədən, keçmiş illərdə bizim millətə bu sahədə bacarıqsız kimi qiymət verən adamlara göstərsinlər ki, azərbaycanlılar hər bir işin öhdəsindən gəlməyə qadirdirlər. Azərbaycan xalqı istedadlı xalqdır, onun istedadı hərbi sahədə də ən yüksək səviyyədə ola bilər. Azərbaycanlıların istedadı, qabiliyyəti havanı, səmanı fəth etməkdə də ən yüksək səviyyədə ola bilər. Bu gün dahi liderimizin, eləcə də şəhidlərimizin ruhları şaddır ki, xalqımız və ordumuz öz gücünü, qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsində qazandığımız qələbə həm də Heydər Əliyev ideyalarının, arzularının həyata keçməsinin təntənəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında digər qoşun növləri ilə yanaşı Hərbi Hava Qüvvələrimiz də yeni zəfər tariximizə layiqli səhifələr yazmışdır.”
Diqqətə çatdırılıb ki, Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının da Vətən müharibəsində xidmətləri dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilib. “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən 7 səma şahinimizdən biri də bu gün şəhidliyinin birinci ildönümünü qeyd etdiyimiz polkovnik-leytenant Ramiz Qasımovdur. Nə qədər Azərbaycan var, Azərbaycan xalqı var, Azərbaycan Ordusu var Ramiz kimi qəhrəman oğullar unudulmayacaq, onların xatirəsi həmişə əziz tutulacaqdır.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və millət vəkili Rauf Əliyev çıxış edərək şəhidlərin ailə üzvlərinin daim diqqətdə saxlanılmasından, onların sosial problemlərinin daha da yaxşılaşdırılması üçün görülən məqsədyönlü tədbirlərdən bəhs edib və şəhid Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun ailəsinin bundan sonra da daim qayğı ilə əhatə olunacağını bildiriblər.
Şəhidin Beyləqan rayonundan gələn qardaşları Çingiz və Mübariz Qasımovlar və şəhidin həyat yoldaşı Günel Qasımova göstərilən ehtirama görə Azərbaycan Prezidentinə, Müdafiə Nazirliyinin və Xəzər Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlıq ediblər.
Mayor Musayıl Fətəliyev sevimli komandirini minnətdarlıq hissi ilə xatırlayıb, həyatda yaşamasına görə ona borclu olduğunu deyib və bundan sonra da Vətənə ölməz qəhrəmanımız Ramiz Qasımov kimi xidmət edəcəyinə and içib.
Şəhidin övladları Gülanə, Gülay və Vaqifin ataları haqqında danışdıqları xatirələr tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.
Xatirə mərasimi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi yaradıcı heyətinin və incəsənət ustalarının təqdim etdikləri “Daim göylərdədir ruhu Ramizin” adlı ədəbi-bədii kompozisiya ilə başa çatıb.
Oktyabrın 22-də Vətən Müharibəsi Qəhrəmanının İkinci Şəhidlər xiyabanındakı məzarı ziyarət edilib, qarşısına güllər düzülüb, ruhuna dualar oxunub.