Bazar günü, noyabrın 7-də saat 14.00-də AzTV-də izləməyi unutmayın!
“Tut əlimdən” layihəsinin növbəti iştirakçıları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST İş” Mərkəzinin direktoru, Vətən müharibəsi iştirakçısı, baş leytenant Firudin Cəbrayılov və Şuşa istiqamətində döyüşlərdə şəhid olmuş Rövşən Nurzadənin oğlu Kənan Nurzadə olub.
F.Cəbrayılovla Kənan maraqlı bir gün keçiriblər. Kənanın marağı nəzərə alınaraq, İKT şirkətlərindən birində olub, kompyuter texnologiyası ilə tanış olublar. Xəzər TV-nin şəhid uşaqlarının iştirakı ilə hazırlanan layihəsinə qoşulub, gitarada ifa etmək həvəsi də nəzərə alınaraq gitara kursunda birgə iştirak ediblər.
Günün daha bir maraqlı məqamı isə Kənanın xüsusi maraq göstərdiyi idmançının – “Kobra” ləqəbi ilə tanınan kikboks üzrə döyüşçümüz Pərviz Abdullayevin onunla görüşə gəlməsi olub.
Onların birgə keçirdiyi maraqlı bir günü bazar günü, noyabrın 7-də saat 14.00-də AzTV-də izləyəcəyik!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və AzTV-nin birgə həyata keçirdiyi “Tut əlimdən” layihəsi şəhidlərimizin bizə əmanətləri olan övladlarının həmişə qayğı əhatəsində olduqları mesajını cəmiyyətə çatdırır. Layihəyə qoşulan rəhbər vəzifəli və ya yaxud tanınmış şəxslər bir gününü şəhid övladları ilə keçirir, onların asudə vaxtının mənalı keçməsinə dəstək olur, qayğılarını bölüşür.
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin sərəncamları ilə “DOST İş” Mərkəzinin direktoru, baş leytenant F.Cəbrayılov “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.