Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinə 100 mindən çox tibbi xidmət göstərilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinə daxil olmuş, habelə YAŞAT Fondu tərəfindən quruma yönləndirilmiş müraciətlərə əsasən cari ilin yanvar-sentyabr ayları ərzində İkinci Qarabağ müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinə 109 060 tibbi xidmət göstərilib.

Agentlikdən AzerTimes-a verilən məlumata görə, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin 95 443-ü ambulator, 13 617-si isə stasionar şəraitdə göstərilib. Tibbi xidmət almış 7 730 şəxsin 6 871 nəfəri müharibə iştirakçısı, 859 nəfəri isə şəhid ailəsi üzvü olub.

İkinci Qarabağ müharibəsi iştirakçıları tərəfindən edilən müraciətlər əsasən cərrahi sarğılara və tikişlərə qulluq, hərbi əməliyyatlar zamanı partlayış və ya qəlpələrin səbəb olduğu zədələr, odlu silah və digər silah növləri tərəfindən törədilmiş yaralar, xroniki posttravmatik baş ağrısı və nevrasteniya (psixi pozğunluq) ilə bağlı olub.

Şəhid ailəsi üzvlərinin narahatlığı isə daha çox stenokardiya (ürəyin işemik xəstəliyi), essensial hipertenziya (yüksək qan təzyiqi xəstəliyi), xroniki böyrək xəstəliyi, xroniki bronxit və nevrasteniya (psixi pozğunluq) ilə əlaqədar olub.

Bu ilin 9 ayı ərzində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 260 nəfər müharibə iştirakçısı, 61 nəfər şəhid ailəsi üzvünün müraciəti əsasında 381 cərrahi əməliyyat icra olunub. Ümumilikdə 321 pasiyent üzərində icra olunan əməliyyatlar arasında cərrahi müdaxilədən sonrakı vəziyyətlər (26), hərbi əməliyyatlar zamanı partlayış və ya qəlpələrin səbəb olduğu zədələr (21), qasıq yırtığı (11), qamış sümüyü cisminin sınığı (11) və incik sinirinin baldır səviyyəsində travması (10) üzrə cərrahi xidmətlər çoxluq təşkil edib.

Agentlik İkinci Qarabağ müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, onların müraciətinin operativ qaydada cavablandırılması, şikayətinin araşdırılması kimi məsələlərə həssaslıqla yanaşır. Qeyd olunan şəxslərin ixtisaslı həkim müayinəsi, təkrar müayinə, kliniki laborator və instrumental diaqnostik müayinələrdən keçməsi, habelə dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərdən müqaviləli tibb müəssisələrində yararlanmaları üçün Agentlik tərəfindən bütün zəruri addımlar atılır.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralanan şəxslərin, habelə şəhid ailəsi üzvlərinin sağlamlığının bərpası, onların müalicəsi istiqamətində dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Agentlik tərəfindən mühüm tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Teqlər: