Yeniyetmələr arasında hərbi vətənpərvərlik tərbiyəsini təbliğ etmək, məktəblilər arasında hərbi xidmətə marağı artırmaq, ordu haqqında düzgün və müsbət təsəvvür formalaşdırmaq, Vətənə məhəbbət, düşmənə nifrət hisslərini aşılamaq məqsədilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində silsilə tədbirlər keçirilir.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bu mövzuda təşkil edilən “Qələbəyə gedən yol” adlı növbəti tədbirdə bir qrup Vətən müharibəsi iştirakçısı, orta məktəb şagirdləri və müəllimlər iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycan əsgərinin 44 gün ərzində apardığı haqq savaşından bəhs edən videoçarx mərasim iştirakçılarına nümayiş olunub.
Tədbirdə çıxış edənlər Azərbaycan tarixinin şərəfli səhifələrindən, Vətən müharibəsinə xalqımızın qazandığı Zəfərin əhəmiyyətindən və ölkəmizin gələcəyi olan gənclərimizin vətənpərvər ruhda böyüməsinin zəruriliyindən danışılıb.
Görüşdə iştirak edən Vətən müharibəsi iştirakçıları torpaqlarımızın azad edilməsi uğrunda aparılan əks-hücum əməliyyatlarında iştiraklarından və 44 günlük haqq savaşımızda vətənpərvər oğullarımızın igidliyindən söhbət açıblar.
Mərasimin bədii hissəsində şagirdlər tərəfindən Vətənə, qəhrəmanlığa, vətənpərvərliyə həsr olunan şeirlər oxunub və Həzi Aslanov adına Ordu İdeoloji Mədəniyyət Mərkəzinin solistlərinin ifasında hərbi vətənpərvərlik mövzusunda musiqilər səsləndirilib.