Xəbər - Samir Əli – Trend:
Zədələnmənin adi hal aldığı müharibələr həkimləri yeni müalicə üsulları axtarmağa, vaxtında və ixtisaslı yardım göstərməyə vadar edir.
AzerTimes-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş travmatoloqu İlqar Qasımov deyib.
O Vətən müharibəsində Azərbaycan həkimlərinin fədakarlığından danışıb: “Çox qısa zaman öncə Vətən müharibəsini yaşamışıq. Mən 1-ci Qarabağ müharibəsində, 20 Yanvar hadisələrində və 44 günlük Vətən müharibəsində həkim kimi ön cəbhədə xidmət göstərmişəm və hələ də göstərirəm. Müharibədə əsas yaralanmalar 60-70 % ətraflarla bağlı olur. Tibbi xidmət baxımından dəyərləndirsək burda bizim əsas 3 komponentlə qurulur”.
Baş travmatoluq bildirib ki, müharibə dövründə dərman təchizatı dövlət tərəfindən tam təmin edilib: “Transfer – həm təcili yardım maşınları həm də helikopterlərlə daşınma çox operativ idi. Sonuncu isə savadlı tibbi heyət. Mən çox rahatlıqla deyirəm ki, həkimlər olaraq fədakar və yüksək xidmət göstərildi. Düşünün gün ərzində 20-ə yaxın yaralı qəbul edib 2 saat yuxu ilə keçən günlərdən bəhs edirəm sizə. Hansı xəstəni ilk əməliyyat etməliyəm? Bunu düşünmək üçün cəmi 1 dəqiqə zamanım var idi. Amma həm dövlət tərəfindən, həm insanlar tərəfindən bizə o qədər isti yanaşma var idi ki, yorğunluq orada hiss olunmurdu. Bu bizim üçün müqəddəs bir xidmət idi. Vətən müharibəsində bir daha qəhrəman əsgərlərimiz və həkimlərimizlə qürur duyduq”.