Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın
iştirakı ilə mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və
müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışı tədbirində
Vətən müharibəsi əlilləri üçün nəzərdə tutulan “Xəzər” markalı 50
avtomobil müharibə əlillərinə artıq təqdim olunub.
Avtomobillərin təqdim edilməsi zamanı Prezident, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi
Zəfərimizdən bəhs olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, dövlət
başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları
ilə bağlı geniş sosial dəstək proqramının icra olunduğu bildirilib.
O cümlədən, postmüharibə dövründə 3500, ötən dövrdə 12500-dən çox
şəhid ailəsi və müharibə əlilinin mənzillə təmin olunduğu diqqətə
çatdırılıb.
Vətən müharibəsinin 200 hərbçisinin, ümumilikdə 300 müharibə
əlilinin son nəsil protezlərlə, 1400 müharibə əlilinin 17 min
reabilitasiya vasitəsi ilə təmin olunduqları qeyd olunub. Həmçinin
5 min ailəyə sosial-psixoloji, 1500 şəxsə reabilitasiya xidmətləri
göstərildiyi, 11 min şəxsin aktiv məşğulluq proqramlarına cəlb
edildiyi bildirilib.
Vətən müharibəsi əlillərinin avtomobillə təminatı işlərinin
davamı kimi, onlardan daha 50 nəfəri avtomobillə təmin edilib.
Ümumilikdə Nazirlik tərəfindən ötən dövrdə müharibə əlillərinə 7400
minik avtomobili verilib.
Müharibə əlilləri onların sosial müdafiəsinin gücləndirilməsi
üçün aparılan işlərdən razılıqlarını bildirib və yüksək qayğı ilə
əhatə olunduqlarına, yeni avtomobillərlə təmin edildiklərinə görə
Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.