Vətən müharibəsi Azərbaycanın şərəf, qürur və qəhrəmanlıq tarixidir – Pərvin Kərimzadə

44 günlük Vətən müharibəsində xalqımız böyük Qələbə üçün bütün imkanları tam səfərbər etdi. Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi “Qarabağ Azərbaycandır!” şüarı 27 sentyabrdan başlanan çətin yolun sonundakı Qələbənin, Zəfər salnaməsinin əsas leytmotivinə çevrildi.

Tarixə qızıl hərflərlə yazılan Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyən A zərbaycan xalqı Ali Baş Komandanın əmri ilə müharibə dövründə öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Vətən müharibəsində qazanılan Qələbə, milli birliyimizin Qələbəsi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin hər diplomatik uğuru, hər sosial-iqtisadi nailiyyəti, ölkəmizin güclənən mövqeyi, beynəlxalq aləmdə yüksələn nüfuzu bizi addım-addım bu Qələbəyə aparırdı. İllərlə zərrə-zərrə toplanan imkanlarımız “dəmir yumruğ”a çevrilərək, Azərbaycan xalqına kəm baxan, torpaqlarımıza qənim kəsilən düşməni məhv etdi. Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 günün hər günü şanlı tarixə çevrildi. Hər gün Azərbaycan Ordusu irəli getdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın.

Tarixi qələbə Azərbaycan xalqının böyük milli potensialını üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil iki əsrdə yoluna qoyulması mümkün olmayan münaqişəni “dəmir yumruğ”un zərbəsi ilə cəmi 44 günün içində həll etdi. BMT tarixində bu, bəlkə də, ilk hal idi ki, belə bir mötəbər beynəlxalq qurumun qətnamələrini işğala məruz qalan tərəf özü hərbi yolla icra etməli oldu.

Bu ilin sentyabrında BMT-nin Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin artıq keçmişdə qaldığını vurğuladı. Qeyd etdi ki, Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. “Prezidentin 2021-ci il 7 iyul tarixli fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”.

Dövlət başçısı onu da diqqətə çatdırdı ki, keçmiş işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən illər ərzində çoxqatlı müdafiə xətlərinin və uzun səngərlərin, tunel və bunkerlərdən ibarət istehkamların qurulması onların heç bir vəchlə bu əraziləri qaytarmaq niyyətində olmadığını sübuta yetirir.

Azərbaycan da növbəti hərbi təxribatları dəf edərək düşmən üzərinə əks-hücuma keçməklə Vətən müharibəsinə başlamaq məcburiyyətində qaldı. Təxminən 30 il çəkən sülh danışıqlarının Ermənistanın işğalçı siyasəti üzündən heç bir səmərə verməyəcəyi artıq real həqiqət idi. Bu qədər uzun bir dövr ərzində Azərbaycan sülh danışıqlarına sadiq qalmışdı. Münaqişənin hər iki tərəfdən itkilərə yol vermədən həlli üçün bütün mövcud imkanları dəyərləndirməyə çalışırdı. Amma gedən proseslər belə bir həqiqəti ortaya çıxarırdı ki, Ermənistanın məqsədi sülh danışıqlarında iştirak etməklə heç də münaqişənin öz həllini tapması deyil. Onlar bununla sadəcə olaraq Azərbaycanın hərbi yola əl atmasına mane olmaq, mövcud status-kvonu qorumaq, ərazidə möhkəmlənmək və zaman keçdikcə işğalı qanuniləşdirmək niyyətində idilər.


BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti kimi beynəlxalq təşkilatların da oxşar məzmunlu qərarları vardı. Amma Ermənistan bunların heç birinə məhəl qoymadı. İşğalçı mövqeyindən əl çəkmədi. Beynəlxalq cinayətlərini nümayişkəranə şəkildə davam etdirdi. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət də Ermənistanın bu hərəkətlərinə ciddi reaksiya vermədi. Ədaləti qorumaq əvəzinə ikili standartlar mövqeyi göstərdi. Azərbaycan Respublikasının Prezidenti beynəlxalq tribunalarda dəfələrlə işğalçı Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi məsələsini qaldırsa da, əfsus ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi. Bir çox ölkələrə BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, Azərbaycanın haqlı mövqeyinin müdafiəsinə yönəlmiş qətnamələr 27 il icra olunmamış qaldı və bu sahədə ikili standartların olduğunu bir daha sübuta yetirdi. Əfsuslar olsun ki, 30 ilə yaxın müddət ərzində Ermənistan və Azərbaycan arasındakı münaqişənin həlli üzrə mandat daşıyan ATƏT-in Minsk qrupu da, ciddi mövqe sərgiləyə bilmədi, üzərinə düşən vəzifələrin icrasına nail olmağı bacarmadı.

Azərbaycan Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi, Azərbaycan tarixinə şərəfli səhifələr yazdı.

Biz böyük Zəfəri qazandıq. Bu, xalqımızın həyatında insanların taleyini dəyişən, tarixini yeni bir səhifədən başlayan bir Zəfər oldu. Əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən müharibəsindəki şücaəti, əzmkarlığı yaddaşlarda qalacaq. Şəhidlərimizin əziz xatirəsi anılacaq, onların qəhrəmanlıqları, Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbayca Ordusu ilə birgə Vətənə bəxş etdiyi tarixi Zəfər əbədi olaraq dünya taixinə yazılacaq.

Pərvin Kərimzadə

Millət vəkili

Teqlər: