Xəbər - Samir Əli – Trend:
Biz ötən il Vətən müharibəsi zamanı həlak olan və zərər görmüş uşaqlarla bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciət edərək bəyanatlar vermişik.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, bu proses hələ də davam etməkdədir:
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bütün görüşlərində beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri, digər ölkələrdə komitə ilə paralel fəaliyyət göstərən qurumların rəhbərliyi ilə müzakirələr zamanı bu məsələni gündəmə gətirir. Beynəlxalq platformalarda Ermənistanın qınaq obyekti olması üçün dostlarımızı da bu prosesə cəlb edirik. İndiki halda ölkə olaraq demək olar ki, istəklərimizə nail oluruq”.
Komitə sədri qeyd edib ki, Azərbaycanın apardığı siyasət nəticəsində təcəvüzkar Ermənistanı heç kim müdafiə etmir:
“Ona görə də bu gün Ermənistan durduğu yerdədir. Hesab edirəm ki, bu siyasət onları daha ciddi dalana dirəyəcək”.