Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 5,833 mlrd. manat vergi daxil olub, proqnoza 123,7% əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 13,4 % və ya 690,1 mln. manat artıb.
Trend-in Dövlət Vergi Xidmətinə istinadən verdiyi məlumata görə, cari ilin səkkiz ayında qeyri-neft sektorundan daxilolmalar 4,264 mlrd. manat olub, proqnoza 117,7% əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 639,9 mln. manat daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 11% və ya 421,8 mln. manat artıb.
Qeyri-neft sektorunun özəl bölməsi üzrə cəmi vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,7% artaraq 3,264 mlrd. manat təşkil edib. Regionlar üzrə daxilolmalar 623,8 mln. manat olmaqla, proqnoz 117,2% icra edilib, ötən illə müqayisədə bu mənbədən daxilolmalar 5,2% artıb.
Ödənilən vergilərin 73,1%-i qeyri-neft sektorunun, 26,9%-i neft-qaz sektorunun payına düşüb.