Vergi orqanının qərarı ilə müəssisənin 5000 manat məbləğində sadələşdirilmiş vergi borcunun ödənilməsinə 6 aylıq müddətə möhlət verilib. Bu müddət ərzində möhlət verilmiş həmin borcun 4000 manatı ödənilib. Borcun qalan hissəsinə münasibətdə möhlətin müddəti artırıla bilərmi?
AzerTimes Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, vergiödəyicisi tərəfindən möhlət verilmiş dövr ərzində borcun 75 faizi ödənildiyi halda, vergiödəyicisinin müraciəti əsasında borcun ödənilməsinə 6 aydan çox olmayan müddətə verilən möhlət 1 ildən, vergi öhdəliyinin razılaşdırılmış qrafik əsasında hissə-hissə icrası şərtilə borcun ödənilməsinə verilən möhlət isə 2 ildən çox olmayan müddətə yuxarı vergi orqanının qərarı ilə artırıla bilər.
Buna əsasən, sorğuda göstərilən halda müəssisə tərəfindən möhlət verilmiş borcun 75 faizi ödənildiyindən bu müddət 1 ildən çox olmayan müddətə yuxarı vergi orqanının qərarı ilə uzadıla bilər.