Venesuelada davam edən iğtişaşlar nəticəsində daha iki nəfərin öldüyü məlum olub.
Palavesino şəhərində (Lara ştatı) milli qvardiyanın zabiti bir qrup şəxs tərəfindən qətlə yetirilib. Leçeriya şəhərində (Ansoateqi ştatı) isə polislə toqquşmalarda yaralanan 20 yaşlı gənc xəstəxanada keçinib.
Beləliklə, ölkədə iğtişaşlar nəticəsində ölənlərin sayı 60 nəfəri ötüb. Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Qərar ölkədə kütləvi etirazlara və iğtişaşlara səbəb olub.
Yeni etiraz aksiyalarına səbəb isə ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.