Ərzaq təhlükəsizliyi hər bir ölkədə olduğu kimi, Azərbaycanda da
strateji dövlət siyasəti olaraq müəyyənləşir. Dövlətimiz tərəfindən
vaxtında görülən zəruri tədbirlər Azərbaycan iqtisadiyyatına mənfi
təsirləri neytrallaşdırmağa, ərzaq təhlükəsizliyini təmin etməyə
imkan verir. Bunun nəticəsidir ki, 2021-ci ildə ölkədə
makroiqtisadi və maliyyə sabitliyini təmin etmək mümkün olub.
AzerTimes xəbər verir ki, bunu
deputat Sevil Mikayılova Milli Məclisin bu gün keçirilən iclasında
çıxışı zamanı deyib.
“Bununla yanaşı, 2021-ci ildə əvvəlki illə müqayisədə orta illik
inflyasiya 6.7% təşkil edib. İstehlak qiymətləri isə 4.2% artıb,
qeyri-ərzaq məhsullarının qiymət artımı 5.1% olub. İnflyasiyaya
səbəb olan amillər sırasında qlobal tələbin artması, quraqlıq,
anti-Covid məhdudiyyətləri, istehsal, yanacaq, gübrə, logistika
xərclərinin artması kimi amillər göstərilir. Hesabatda göstərildiyi
kimi, bir sıra xarici təsirlərin olması nəticəsində 2021-ci ildə
idxal olunan məhsulların qiymətləri əvvəlkindən daha da yüksək
olub. Kənd təsərrüfatı məhsulları üzrə istehsalçı qiymətlərin
artması aqroinflyasiya prosesini də sürətləndirib. Bu isə kənd
təssərrüfatı səhəsində məhsuldarlığın artırılmasını, xüsusən,
strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının
genişləndirilməsini zəruri edir. Bu səbəbdən aqrar sektorda
innovativ texnologiyalardan istifadənin genişləndirilməsi, xüsusən,
irriqasiya sahəsində müasir üsulların tətbiqi yüksək məhsuldarlığa
nail olmaq üçün çox vacibdir”, – deyə S.Mikayılova qeyd edib.
Onun sözlərinə görə, təmsil etdiyi Xaçmaz rayonu ölkəmizin
məhsuldar aqrar rayonlarından biridir. Rayonda istər içməli,
istərsə də suvarma suyu təminatı ilə bağlı problem aktual olaraq
qalır.
“Təəssüf ki, su problemi artıq yalnız isti, quraqlıqla müşayiət
olunan yay aylarında deyil, qış, payız aylarında da yaşanır.
Ümumiyyətlə, regionda su təsərrüfatı sisteminin yenidən
qurulmasının sürətləndirilməsi günün tələbidir və aidiyyəti
qurumlar bu sahədə çevikliyi artırmalıdırlar. Bu, ölkənin ərzaq
təhlükəsizliyi kimi strateji hədəfinə nail olmaq üçün həyati vacib
əhəmiyyət kəsb edən məsələdir.
Hesabatdan da aydın olduğu kimi, qeyri-neft sektorunun inkişafı
milli iqtisadiyyat üçün əsas hədəf olaraq qalır və mövcud
potensialdan istifadə edərək iqtisadiyyatın şaxələndirilməsi
dövlətimizin əsas strateji kursudur. Bu mənada, əlavə dəyər yarada
biləcək sahələrdən biri turzim sektorudur. Ölkəmizin bu sahədə
kifayət qədər yüksək potensialı var və daxili turizmin inkişafı
iqtisadiyyatımız üçün əlavə imkanlar açır, bu, biznesin
möhkəmləndirilməsi baxımından da vacibdir, ən mühüm olanı isə
vətəndaşlarımızın istirahətinin təmin olunmasıdır. Yeri gəlmişkən,
rayonumuzda aqroturizmin inkişaf etdirilmısi məqsədəuyğundur. Odur
ki, turizm sahəsinə güzəştli kredit ayırmalarını artırmaq, əlavə
investisiyaların cəlb olunması üçün də real addımların atılması çox
yaxşı olardı. Bununla bağlı Dövlət Turzim Agentliyinin vəziyyətə
uyğun olaraq bölgələr üzrə xüsusi təkliflər paketi hazırlayıb
təqdim etməsinə, məncə, ehtiyac var. Çalışıb bu potensialdan tam
yararlanmaq lazımdır, ilk növbədə, vətəndaşlarımızın rifahı
üçün.
Bundan əlavə, rayonumuzda mədəniyyət müəssisələrinin (mədəniyyət
klubları, kitabxanalar, diyarşünaslıq müzeyləri) vəziyyəti
qeyri-qənaətbəxşdir. Sakinlərin istirahəti, asudə vaxtın təşkili
üçün bu müəssisələrin qeydiyyata alınaraq bərpasına və yenidən
qurulmasına hökumətin xüsusi diqqət ayırmasına ehtiyac var”, – deyə
deputat vurğulayıb.