Vaxt gözləmir, sabah gec ola bilər – Kamaləddin Qafarov

“Bu gün Cənubi Qafqazda gedən proseslər və hərtərəfli inkişaf
baxımından dayanıqlılığın təmin olunması Azərbaycanın qarşısına
qoyduğu prioritet məsələlərdən biridir. Ölkəmiz postmüharibə
dövründə istər işğaldan azad edilmiş ərazilərinin yenidən
qurulması, istərsə də regional və beynəlxalq layihələrin
reallaşdırılması istiqamətində öz səylərini uğurla davam etdirir.
Həm region ölkələri, həm də dünyanın aparıcı güc mərkəzləri də
Azərbaycanın sülh müqaviləsinin imzalanması, kommunikasiyaların
bərpası və digər bu kimi məsələlərdə mövqeyini və irəli sürdüyü
təşəbbüsləri kifayət qədər yüksək qiymətləndirirlər. Lakin bütün
bunlara rəğmən, məğlub Ermənistan hələ də öz dekonstruktiv
mövqeyini dəyişməyə tələsmir. Tamamilə iqtisadi tənəzzül və siyasi
destabillik vəziyyətində olmasına baxmayaraq, bu ölkə hələ də
təxribat xarakterli bəyanatlar verməklə sülhə və inkişafa aparan
prosesləri əngəlləməyə çalışır”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan
Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili qeyd edib ki, rəsmi İrəvanın belə təxribatlara rəvac
verməyi bu ölkənin 2020-ci il noyabr ayının 10-da imzalanmış
üçtərəfli Moskva Bəyanatının şərtləri çərçivəsində üzərinə
götürdüyü öhdəlikləri yerinə yetirməmək üçün bəhanələr əldə etmək
məqsədi güdür. Martın 26-da qeyri-qanuni erməni silahlı
dəstələrinin üzvlərinin Azərbaycan Ordusunun bölmələrinə qarşı
silahlı təxribat törətmək cəhdi də bunu açıq-aşkar təsdiq edir.

“44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi qələbə qazanaraq
30 il müddətində işğala məruz qalan torpaqlarımızı azad etdi və
ərazi bütövlüyümüz təmin olundu. 10 noyabr 2020-ci il tarixində
Rusiya və Azərbaycan prezidentləri, eləcə də Ermənistanın baş
naziri tərəfindən faktiki olaraq Ermənistanın kapitulyasiya aktı
olan üçtərəfli bəyanat imzalandı. Bəyanata əsasən, ərazilərimizin
bir hissəsində, tarixi torpaqlarımızda Rusiya sülhməramlı
kontingenti yerləşdirildi. Azərbaycan bu maddəyə razılıq verməklə,
ilk növbədə, özünün xoş məramını ortaya qoydu. Lakin Ermənistan
hələ də imzaladığı Bəyanatın şərtlərinə əməl etmək istəmir.
Azərbaycan torpaqlarında yerləşdirilmiş Rusiya sülhməramlılarının
nəzarətində olan ərazilərdən ordumuza qarşı təxribatlar törətməyə
cəhdlər göstərərək ermənilər Rusiya-Azərbaycan münasibətlərini də
var qüvvələri ilə gərginləşdirməyə çalışırlar. Lakin Azərbaycan
növbəti dəfə, martın 26-da qeyri-qanuni erməni silahlı dəstələrinin
üzvlərinin ordumuzun bölmələrinə qarşı törətməyə cəhd göstərdikləri
təxribatın qarşısını effektiv şəkildə almaqla və qətiyyətli mövqe
nümayiş etdirməklə bir daha üçtərəfli Bəyanatın bütün tələblərinin
zamanında, tam və qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyinə
dair Ermənistana sərt mesajını çatdırdı. Azərbaycan Müdafiə
Nazirliyi son günlər Fərrux yüksəkliyi ətrafında gedən mövqe
mübahisələrində də ölkəmizin bir daha haqlı olduğunu bütün
detalları ilə, açıq-aşkar dəlillərlə ortaya qoydu. Bildirildi ki,
10 noyabr Bəyanatının 4-cü bəndinə uyğun olaraq, Ermənistan
ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri
Azərbaycan ərazilərindən tam olaraq çıxarılmalıdır. Lakin bu tələb
indiyə qədər icra edilməmişdir. Beləliklə, Bəyanatın müddəalarını
pozan Ermənistan olduğu halda, Rusiya Federasiyası Müdafiə
Nazirliyinin Azərbaycan silahlı qüvvələrinin ölkəmizin suveren
əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verən,
“Dağlıq Qarabağ” ifadəsi işlədilən və Azərbaycan ərazilərinin adı
düzgün olaraq göstərilməyən açıqlamalar verməklə, Rusiya-Azərbaycan
ikitərəfli əlaqələrin mahiyyətinə və 2022-ci il 22 fevral tarixində
iki ölkə arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti
haqqında Bəyannaməyə zidd addım atmış olur.

Konkret Fərrux yüksəkliklərinə gəlincə isə, bu ərazi Qarabağda
hərbi-strateji baxımdan ən əhəmiyyətli ərazilərdən biridir. Fərrux
kəndi və Fərrux yüksəkliyi 1993-cü ildən 2020-ci ilə kimi
Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. Bu gün isə
Fərrux kəndi və eyni adlı yüksəklik Azərbaycan ordusunun tam
nəzarəti altındadır. Ermənistan bilməlidir ki, bu gün onun
Azərbaycanla sülh müqaviləsi bağlamaq və ölkəmizin sərhədlərini
tanımaqdan başqa heç bir çıxış yolu yoxdur. Lakin bu şərtlər,
dediyimiz kimi, bu gün qüvvədədir. Sabah isə, artıq bu yol da
bağlana bilər”, – deyə Kamaləddin Qafarov öz fikirlərini
tamamlayıb.

Teqlər: