Vatsap hesabları ələ keçirilir – Xəbərdarlıq

Vatsap hesabları ələ keçirilir – Xəbərdarlıq

Azərbaycanda vətəndaşların Vatsap hesablarının ələ keçirilməsi halları müşahidə edilir.

AzerTimes xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin yaydığı xəbərdarlıqda bildirilir.

Xidmətin apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, bu hallar ölkə ərazisində fəaliyyət göstərən mobil operatorların şəbəkəsində mövcud olan hər hansı bir çətinliklə bağlı deyil. Həmçinin qurum problemin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Vatsap mobil tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkətinə müraciət edib. Araşdırma zamanı oxşar halların 80-dən çox ölkədə müşahidə edildiyi aşkarlanıb. Xidmət araşdırmanın nəticələrini beynəlxalq əməkdaşlıq çərçivəsində digər dövlətlərin analoji strukturlarına təqdim edib.

Həmçinin Vatsap mobil tətbiqinin şübhəli istifadəçi hesablarını bloklaması halları da müşahidə olunur. Bloklanmış istifadəçi hesablarını Vatsap 24 saat ərzində nəzərdən keçirir və hər hansı şübhəli hal aşkarlanmadıqda tətbiq edilmiş məhdudiyyəti aradan qaldırır.

Vətəndaşlara Vatsap mobil tətbiqində mövcud hesabların təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmək tövsiyə edilir. Təlimatla bu linkə keçid edərək tanış olmaq mümkündür.

Həmçinin bu hallarla qarşılaşan şəxslərdən xahiş olunur ki, 1654 qaynar xətti, www.cert.az saytı və ya reports@cert.az e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.

Hazırda məsələ ilə əlaqədar səlahiyyətli qurumlarla birlikdə araşdırma davam etdirilir.

Teqlər: