Vaşinqtonda Xocalı ilə bağlı anım tədbiri keçirildi

Vaşinqtonda Xocalı ilə bağlı anım tədbiri keçirildi

Vaşinqtonun məşhur Kennedi Mərkəzinin Ədalət Forumu (Justice Forum) zalında Xocalı soyqırımının 31-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Ölkəmizin ABŞ-dakı səfirliyindən AzerTimes-a bildiriblər ki, təbirdə ABŞ-da akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, bu ölkənin beyin mərkəzlərinin əməkdaşları, yerli ictimaiyyətinin təmsilçiləri, habelə azərbaycanlı icması iştirak edib.

Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, Türkiyənin bu ölkədəki səfiri Murat Mərcan, ABŞ-ın Karolina Sülh Mərkəzinin qurucusu, əvvəllər Azərbaycanda işləmiş, qaçqın və məcburi köçkünlərlə bağlı humanitar layihələrdə fəaliyyət göstərmiş Faysal Xan Xocalı soyqırımı barədə çıxışlar ediblər.

Anım tədbirində Xocalı soyqırımı zamanı Azərbaycanda olmuş və faciənin nəticələrinə şahidlik etmiş amerikalı səyyah və jurnalist, “Azərbaycan gündəliyi” kitabının müəllifi Tomas Qoltzun səfirlik tərəfindən əvvəlcədən qeydə alınmış videomüraciəti təqdim olunub.

O, Xocalı ilə bağlı şahidi olduğu dəhşətləri və həmin tarixdə baş vermiş tarixi hadisələri qonaqların diqqətinə çatdırıb. T.Qoltz beynəlxalq müstəvidə Xocalıya ədalətin hələ də təmin olunmadığını, bunun üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.

T.Qoltz “Azərbaycan gündəliyi” kitabının davamı olaraq, yeni nəşr üzərində işlədiyini və burada Azərbaycanın mədəniyyətini, ənənələrini, mətbəxini və insanların tolerantlığını tərənnüm edəcəyini diqqətə çatdırıb.

Tədbirin rəsmi hissəsindən sonra Azərbaycan muğamının tədqiqatçısı və “Amerika Muğam Cəmiyyəti”nin rəhbəri amerikalı Cefri Verbokun və “Milli musiqi və qlobal mədəniyyət” cəmiyyətinin rəhbəri və tanınmış pianoçu Nərgiz Əliyarovanın ifasında Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş klassik qərb və azərbaycanlı bəstəkarların əsərlərindən və muğamdan parçalar ifa olunub.

Teqlər: