Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Azərbaycanın ABŞ-dakı Səfirliyində mərasim keçirildi.
Azərbaycanın ABŞ-dakı Səfirliyindən AzerTimes-a verilən məlumata görə, çıxış edən səfir Elin Süleymanov müasir, müstəqil və suveren Azərbaycanın qurucusu olan Heydər Əliyevin dövlətçiliyimizin güclənməsi, iqtisadiyyatının inkişafı və beynəlxalq nüfuzunun artmasında göstərdiyi misilsiz xidmətlərini xatırlatdı. Səfir Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən Ermənistan tərəfindən zəbt edilmiş torpaqlarımızın işğaldan azad edilməsinin bütün Azərbaycan xalqı üçün olduqca əlamətdar hadisə olduğunu qeyd etdi. O, Qarabağın və xüsusilə, Şuşa şəhərinin azad edilməsinin Ulu Öndərin ən böyük arzusu olduğunu bildirərək, hazırda onun ruhunun şad omasını qeyd etdi.
Mərasimdə iştirak edən ABŞ-dakı Azərbaycan icmasının nümayəndəsi Həbib Azərsina Ulu Öndərin dövlətimiz və xalqımız üçün dahi şəxsiyyət olmasından bəhs edərək, onunla bağlı xatirələrini paylaşdı.
Daha sonra Ümummilli liderin büstü önünə güllər qoyuldu və əziz xatirəsi yad edildi.