Vasif Talıbovun bu quruma külli miqdarda borcu var

Vasif Talıbovun bu quruma külli miqdarda borcu var

1995-ci ildən Naxçıvana rəhbərlik edən və bu yaxınlarda istefa verən Vasif Talıbov muxtar respublikaya ciddi ziyan vurub. Onun yarıtmaz idarəçiliyi və rüşvətxorluğa, korrupsiyaya meyli nəticəsində Azərbaycanın dövlət büdcəsinə milyardlarla manat ziyan dəyib. Naxçıvanı qapalı formada idarə edən Vasif Talıbov bütün iş adamlarını sıradan çıxarıb, muxtar respublikanın sərvətlərini istismar edib. Muxtar respublikada fəaliyyət göstərən iri şirkətlərin hamısı Vasif Talıbovun övladlarına və yaxın adamlarına məxsusdur. Naxçıvanın sabiq rəhbərinin övladlarının şirkətləri indiyədək nə vergi, nə də muxtar respublikaya idxal etdikləri məhsul, mal və materiallara görə gömrük rüsumu ödəyiblər. Azərbaycanın hüquq-mühafizə orqanları artıq bu istiqamətdə ciddi araşdırmalar aparırlar.

AzerTimes TNS-ə istinadən xəbər verir ki, Vasif Talıbova və yaxınlarına məxsus olan villalarda, evlərdə, obyektlərdə istifadə olunan elektrik enerjisinin də pulu ödənilmirmiş.

Məlumata görə, Talıbovun villalarının, obyektlərinin elektrik sayğacları indiyədək bir neçə dəfə dəyişdirilib, beləliklə, ödənilməli olan vəsait silinib.

İddialara görə, Vasif Talıbovun Şahbuz rayonunun Biçənək kəndi yaxınlığındakı villasının 40 min 716 manat, Batabatdakı restoranının 20 min 163 manat elektrik enerjisi borcu vardır. Şahbuzun Ağbulaq kəndi ərazisindəki villasının elektrik enerjisi borcu isə 80 min manatdan çoxdur.

Ağbulaq kəndində Vasif Talıbovun oğlu Seymur Talıbova məxsus istirahət mərkəzi fəaliyyət göstərir.

Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən mərkəzdə uzunluğu 1580, eni 18-30 metr olan dağ-xizək sahəsi, əyləncə və uşaq parkları, 219 metrlik konveyr xətləri, 20 min kubmetr tutumu olan süni göl yaradılıb, 26 sabit, 3 hərəkətli süni qaryaratma sistemi, 1 motor stansiyası, uzunluğu 980 metr olan kanat quraşdırılıb ki, onun da başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metrdir.

İstirahət mərkəzi barədə məlumatı ona görə təqdim edirik ki, burada istifadə edilən elektrik enerjisinin həcmi barədə təsəvvür yaransın.

Bildirilib ki, Ağbulaq İstirahət Mərkəzinin indiyədək elektrik enerjisindən istifadəyə görə 500 min manat borcu yaranıb.

Göründüyü kimi, Vasif Talıbovun yaxınlarının şirkətləri nəinki vergi, heç elektrik enerjisi istifadəsinə görə də vəsait ödəməyiblər. Yəni Talıbovlar bu illər ərzində Naxçıvanın sərvətlərini və büdcəni talamaqla məşğul olublar. Yəqin ki, hüquq-mühafizə orqanları bu sahədə də araşdırma aparacaq, ciddi faktlar ortaya çıxarılacaq, dövlətə dəyən zərər ödədiləcəkdir.

Teqlər: