Parlamentdə Siyavuş Novruzov, Eldar İbrahimov, Səttar Mehbalıyev kimi bir neçə şəxsdən başqa Naxçıvanda heç kim Vasif Talıbovu dəstəkləmir. Hətta əleyhinə yazmağıma baxmayaraq, Vasif Talıbovun öz adamlarından mənə sevinclərini bildirənlər oldu.
AzerTimes xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında Ovqat.com saytının baş redaktoru, əslən Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuz deyib.
O, Naxçıvanda keçirilən əməliyyatları 3 amillə əsaslandırıb:
“Bunlardan biri geopolitik amildir. Rusiya buradan çəkilir, onun yerinə Türkiyə kimi yeni beynəlxalq güclər yerləşir. Vasif Talıbov Rusiyanın 5-ci kolonunun əsas qüvvəsindən birinin lideri idi. Naxçıvanda yerləşdirilməsinin səbəbi Muxtar Respublikanın inzibati mina olması idi. Azərbaycanın ayağının altındakı ikinci mina o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti olub. Azərbaycan Rusiyanın təsir dairəsindən çıxıb Qərbə yönələrdisə, o minalar partlaya bilərdi. Rusiyanın Qarabağ və Ukraynada ağır məğlubiyyətindən sonra bölgədə təsir dairəsi azalmağa başladı. Bu boşalan yerə Qərb dünyası, Türkiyə və bu kimi dövlətlər yerləşməyə başladı. Naxçıvanın Rusiyanın təsir dairəsindən çıxması, oradakı təxribatçı hakimiyyətini darmadağın etmək üçün dövlət əməliyyat keçirilməli idi”.
Heydər Oğuz deyib ki, V.Talıbovun SEPAH-la əlaqələri haqda iddiaları onun öz hakimiyyətinə yaxın adamlar tərəfindən səsləndirilib:
“Bunu ilk dəfə vaxtilə “Şərq Qapısı” qəzetinin baş redaktoru olmuş, sonra Mehriban Əliyevanın vitse-prezident seçilməsi xəbərini manşetdə verdiyinə görə işdən çıxarılmış Tural Səfərov irəli sürüb. O, açıq deyir ki, məndə olan məlumata görə, SEPAH-ın komandiri Naxçıvanda olub və Vasif Talıbovla görüşüb”.
Baş redaktorun sözlərinə görə, V.Talıbovun İranla çox ciddi əlaqələri vardı:
“Bunu artıq Naxçıvanda hər kəs bilir. Bir çox naxçıvanlı fəallar da bunu açıq etiraf edirlər. Məsələn, vaxtilə AXC-nin Şərur rayonu üzrə sədri olmuş, Heydər Əliyev hakimiyyəti dövründə Şərurun icra başçısı vəzifəsində çalışmış Fərəməz Allahverdiyev bu yaxınlarda bir iddia irəli sürmüşdü ki, səkkiz il ərzində V.Talıbov 38 dəfə İrana gedib, ancaq bir-iki dəfə də olsun Türkiyəyə getməyib. O, İranın rəsmi şəxsləri ilə görüşüb, bəzilərini isə Naxçıvanda qəbul edib. O, İrana gedəndə dövlət başçısı kimi rəsmi qaravulla qarşılanırdı. V.Talıbovun İrana meyllənməsinin bir səbəbi də Rusiyanın təsir dairəsinin azalması ilə bağlıdır. Bilirsiniz ki, Ermənistanın 5-ci kalonunun rəhbəri Köçəryan da bu haqda açıqlama vermişdi. Rusiya dağılandan sonra Ermənistanın nə edəcəyi ilə bağlı müzakirələrdə hər kəs “Qərbə yönələk” deyərkən, o “xeyir, biz İranla həmsərhəddik, Rusiya öldüsə, yaşasın İran!” deyirdi. İndi bənzər xətti Vasif Talıbov yürüdür”.
Jurnalist iddia edir ki, V.Talıbovun Türkiyədəki separatçı qüvvələrlə də əlaqələri mövcuddur: “Bu əməliyyatlarda Türkiyə faktoru da rol oynayır. Türkiyə tələb edirdi ki, Naxçıvanda türk iş adamlarının sıxışdırılmasının qarşısı alınsın. Vasif Talıbovun bir sıra separatçı qüvvələri Naxçıvanda yerləşdirməsi, orada onlara iş imkanı yaratması ciddi şəkildə araşdırılsın”.
H.Oğuz qeyd edib ki, ikinci amil Naxçıvan hakimiyyətinin Azərbaycana tabe olmaması idi:
“Xüsusilə, 2003-cü ildən başlayaraq, Naxçıvan tamamilə fərqli mövqe tutmuşdu. Bu, 2017-ci ildən birbaşa təzahür etmişdi. 2016-cı ildə aprel döyüşlərində Azərbaycanın qazandığı uğurlara kölgə salmaq məqsədilə Qarabağ ətrafında, həm də Naxçıvanda təxribatçı hərəkətlərinə başlamışdı. Bunlardan biri Tərtər hadisələri idi. Qarabağ coğrafiyasına yaxın bir ərazidə baş verən Tərtər hadisəsi ilə sanki Rusiya bizə “cızığından çıxma” demişdi.
Həmsöhbətimiz başqa amili də qeyd edib. Bildirib ki, V.Talıbov 2017-ci ildə Naxçıvana daxili işlər naziri təyinatına qarşı çıxıb, faktiki mərkəzi hökumətin iradəsinin ziddinə gedib: “O, Naxçıvanda olan bir çox məmurları işdən çıxarıb və ya həbsxanaya salmışdı. Bunlardan Vəli Ələsgərov və Əhməd Əhmədovu nümunə gətirmək olar. Onlar Azərbaycanla əlaqələr qurmaqda şübhəli bilinirdi. Hətta Naxçıvan polisində Azərbaycan Polis Akademiyasını bitirən uşaqlara açıq şəkildə deyilirdi ki, “siz Bakının agentisiniz və bura Vasif Talıbovu yıxmağa gəlmisiniz”. Eyni münasibət ordu sistemində də olub. Bütün bunlar onu göstərir ki, Vasif Talıbov Azərbaycana qarşı separatçı hərəkata başlamışdı”.
H.Oğuzun fikirlərinə görə, Naxçıvanda bir çox rəsmi strukturlarda 2017-ci ildən başlayaraq Azərbaycan adı çıxarılmağa başlamışdı: “Məsələn, Naxçıvan Maliyyə Nazirliyi deyilirdi və yaxud Azərbaycan XİN-in Naxçıvanda nümayəndəliyinin adı Xarici İşlər İdarəsi qoyulmuşdu. Digər strukturların hamısında o cür dəyişikliklər aparılmışdı. Orada ordunun zabit və əsgərlərinin qoluna vurulmuş Azərbaycan Silahlı Qüvvələri yazılmış şevronlar çıxarılmışdı.
Son zamanlarda bir çox istiqamətlərdə Vasif Talıbovun Azərbaycana qarşı çıxdığını görürük. Məsələn, o, koronavirus vaxtı fərqli siyasət yürütdü, eləcə də təhsil siyasəti tamamilə başqa idi. Təsəvvür edin, Naxçıvanda ingilis dili fənnini ləğv edib, yerinə şahmat dərsi salıblar”.
H.Oğuz üçüncü səbəbin korrupsiya faktları ilə bağlı olduğunu deyib:
“Rəsmi rəqəmlərə görə Naxçıvanın 3-4 milyardlıq pul dövriyyəsi var. İranla qurulan əlaqələr vasitəsilə bu ölkənin embarqoya məruz qalan malları xaricə çıxarılmağa çalışılır. Buna da Vasif Talıbovun övladları rəhbərlik edir. Seymur Talıbovun İran Culfasındakı neftayırma zavodunda emal edilən neft məhsulları Türkiyə və Şimali İraqa daşınır. Bu məlumatlar dəqiqdir. Bunlar da azmış kimi, Naxçıvan Azərbaycan büdcəsindən hər il 300-400 milyon dotasiya alır. Azərbaycanda indiki şəraitdə dövlət büdcəsindən həm Qarabağa, həm ordu quruculuğuna vəsait ayrılır, eyni zamanda ölkənin digər problemləri də var. Buna görə orada artıq korrupsiya rejimini məhv etmək ehtiyacı yaranmışdı”.