Varşava Milli Filarmoniyasında Xocalı soyqırımı qurbanları anılıb (FOTO)

Varşava Milli Filarmoniyasında Xocalı soyqırımının 30-ci
ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, Polşa
Azərbaycanlıları Şurasının və ölkəmizin Polşadakı səfirliyinin
birgə təşkilatçılığı ilə baş tutan tədbirdə çıxış edənlər 1992-ci
il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin
sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının
iştirakı ilə Xocalı şəhərini işğal etdiyi və dinc azərbaycanlıları
misli görünməmiş qəddarlıqla qətlə yetirdiyi barədə ətraflı məlumat
veriblər. Xocalı soyqırımı zamanı qətlə yetirilən uşaqların adları
sadalanıb, erməni cəlladlarının onların xəyallarına və həyatlarına
soyuq fevral gecəsində birdəfəlik son qoyduqları nəzərə
çatdırılıb.

Qeyd edilib ki, Azərbaycan dövləti xalqımızın haqq səsinin
dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə
tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərib,
2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq
kampaniyası ilə geniş vüsət alıb. Nəticədə bəzi ölkələr tərəfindən
bəşəri dəyərlərin, beynəlxalq hüquq normaları və prinsiplərinin
kobudcasına pozulması ilə müşayiət olunan bu dəhşətli soyqırıma
rəsmi olaraq siyasi qiymət verilib. Lakin indiyədək beynəlxalq
səviyyədə XX əsrdə törədilmiş ən qanlı cinayətlərdən biri olan
Xocalı soyqırımına hüquqi qiymət verilməyib və cinayətkarlar
məsuliyyətə cəlb olunmayıb.

Sonra Azərbaycan Dövlət Pantomima Teatrının aktyorlarının
ifasında “Xocalı – bu olub” adlı tamaşası təqdim olunub. Xocalı
soyqırımının dəhşətlərinin pantomima dili ilə çatdırılması polyak
tamaşaçılarına çox böyük təsir göstərib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə
dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar
150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.

Teqlər: