Xankəndidəki separatçılar arasında gərginlik getdikcə daha da kəskinləşir. Bunu elə separatçı rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyanın Feysbukda yazdığı status da sübut edir.
AzerTimes xəbər verir ki, o, Xankəndidə hamının (separatçıların – red.) əsəblərinin gərgin olduğunu bildirib.
“Vəziyyət çox ağırdır. Biz başqa vaxt üçün normal olan adi siyasi münaqişə və ya böhrana yol verməməliyik. Bunu hamı başa düşməlidir – həm müzakirələrə təşəbbüs edənlər, həm istefa ilə bağlı müxtəlif təşəbbüslərlə çıxış edənlər, həm də Ermənistanda etinasız bəyanatlar verənlər. Ona görə də mən hər kəsi, hətta özümü emosiyalara qapılmamağa, hüquqi müstəvidən kənarda bəzi gözlənilməz həll yolları axtarmamağa çağırıram”, – o bildirib.
Vardanyan təşəbbüskarı olduğu “Qarabağ təhlükəsizlik və inkişaf cəbhəsi”nin də ilk gündən hücuma məruz qaldığını etiraf edib:
“Məqsədi birləşmək və böhrandan çıxmaq üçün konkret addımlar atmaq olan “Qarabağ təhlükəsizlik və inkişaf cəbhəsi” elə ilk gündən hər cür ultimatumlarla,istefalarla üzləşdi. Bizimlə dava salmağa, “daxili” intriqalara girməyə, vəziyyəti kritik həddə çatdırmağa çalışırlar”.