Məhkəmə prosesində zərərçəkmişlərdən biri dedi ki, xalqımızdan üzr istəmək əvəzinə, hələ utanmadan burada yalan danışır, elədiklərini danır. Vaqif də Azərbaycan dilində başa düşən, hər şeyə diqqət edən adamdır. Mən də zərərçəkənin dediyi həmin sözləri erməni dilinə tərcümə elədim.
Bu sözləri AzerTimes-a Meşəli qətliamının iştirakçılarından olan Vaqif Xaçatryanın məhkəmə prosesinin tərcüməçisi olan ermənişünas alim İsmayıl Tanrıverdi Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyanın açıqlamasına münasibət bildirərkən deyib.
O bildirib ki, məhkəmənin səs yazısı durur və istənilən vaxt Vaqifin dediklərini dinləyə bilərlər:
“Vaqif zərəçəkmişin atasını tanıyırdı. Mən məhkəmədə onun dediklərini Vaqif üçün tərcümə etdikdən sonra üzünü zala tərəf döndərib, “mən həmin qırğınlarda iştirak edən ermənilərin adından bütün xalqdan üzr istəyirəm və yenə demək istəyirəm ki, mən özüm orada olmamışam”, – dedi. “Xalqdan” deyəndə azərbaycanlılardan başqa hansı xalqdan danışa bilər ki? Səsyazma da var, istənilən vaxt dinləyə bilərlər. Özünü xəstəliyə vurmağına, ağlamağına baxmayın, çox diqqətli adamdır. Azərbaycan dilində məişət səviyyəsində normal danışır. Sadəcə, məhkəmə və hərbi terminləri başa düşməyəndə məndən soruşur. Mən onu səhv tərcümə etsəydim, o, yüz faiz iradını bildirərdi. Bu gün mən ona məhkəmədə başlanğıc iclasının sənədinə, qəbzə qol çəkdirərkən, dedi ki, əvvəlcə sənədi oxuyum, öyrənim, sonra qol çəkərəm. Aldı, baxdı, tanış oldu, sonra qol çəkdi. Hələ mənimlə də zarafatlaşdı ki, mənlə yaşıdsan, yoxsa balacasan? Belə məsələlərdə çox titiz adamdır. Mən də səhv tərcüməyə görə məsuliyyət daşıdığımı anlayıram. Nəyisə səhv tərcümə etsəm, o, aləmi bir-birinə qatar”.
Alim erməni tərəfinin iddialarını əsassız adlandıraraq, şər-böhtan danışmağın onların xislətində olduğunu bildirib:
“Ermənilərin məntiqinə əsasən, guya onlar üzr istəməməlidirlər. Peşələri budur: Səhərdən-axşama kimi şər-böhtan atmaqla məşğuldurlar. Özlərini heç vaxt günahkar saymırlar. Onlarda belə bir adət var ki, mən nə istəsəm edə bilərəm, məndən başqası isə edə bilməz. Ermənilərin içində 30 il yaşamışam. Xarakterlərini özlərindən yaxşı bilirəm. Şər-böhtan, tarixin saxtalaşdırılması onların əsas peşəsidir”.
Qeyd edək ki, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan məhkəmə prosesindən olan videonu tirajlayaraq, Xaçatryanın sözlərinin səhv tərcümə olunduğunu iddia edib. Marukyan bildirib ki, tərcüməçi “ermənilər tərəfindən törədilən insidentə görə Azərbaycan xalqından üzr istəyirəm” sözlərini yanlış tərcümə edib. İddiaya görə, Vaqif ifadəsində “Mən orda olmamışam, hamıdan üzr istəyirəm, mən orda olmamışam” deyib.