Vaqif Xaçatryanın Meşəlidə törətdiyi qırğının – Təfərrüatı

Vaqif Xaçatryanın Meşəlidə törətdiyi qırğının – Təfərrüatı

Əminik ki, Xocalı, Meşəli və digər yerlərdə azərbaycanlılara qarşı soyqırımı törədənlərin hər biri mütləq cəzalandırılacaq.

AzerTimes xəbər verir ki, bunu Report-a açıqlamasında Xocalı rayonunun Meşəli kənd icra nümayəndəsi İlham Kazımov deyib.

O, Birinci Qarabağ müharibəsi dövründə kəndlərinə ermənilərin dəfələrlə hücum etdiyini xatırladıb:

“Kənd sakinləri hər dəfə düşmənə layiqli cavab verirdi, ancaq sonuncu hücumun qarşısını ala bilmədik. Çünki düşmənin sayı-hesabı yox idi və ağır silahlardan atəş açırdılar. Xatirimdədir ki, 1991-ci il dekabrın 23-ü erməni alayının Meşəliyə hücumu zamanı göydən sanki od yağırdı. Meşəlidə həmin vaxt 360 nəfərdən ibarət 81 ailə yaşayırdı. Həmin il dekabrın 23-ü səhər saatlarında erməni alayı Meşəli kəndinə hücum etdi. Düşmən kəndi mühasirəyə almışdı, yalnız bir istiqamətdə mövqe tuta bilməmişdilər. Camaat oradan çıxmaq istəyəndə, onları güllələmişdilər. Kənd sakinlərindən çoxu çıxmaq istəmirdi. Erməni quldurları onları elə öz evlərində güllələmişdilər. Sağ qalanlar gecə saat 3-də çətinliklə də olsa kənddən çıxa bildi”.

İcra nümayəndəsi vurğulayıb ki, nə qədər müqavimət göstərsələr də, düşmənin hücumunun qarşısını ala bilməyiblər:

“Bizdə 10 nəfər milli ordudan gəlmişdi, 5 nəfər də polisimiz vardı. Silahlarımız məhdud sayda idi. Amma onlar güclü silahlanmışdılar. Tankları belə vardı. Sadəcə yol bağlı olduğundan tank Meşəliyə daxil ola bilməmişdi. Buna qədər çox hücumlar olmuşdu, ancaq qarşısını almışdıq. Sadəcə sonuncu dəfə hücum edəndə erməni quldurları sanki quduzlaşmışdılar. Həmin döyüşdə 25 şəhid verdik, 14 nəfər yaralandı. Şəhidlərdən 20-si Meşəli kənd sakini idi. Şəhidlik zirvəsinə ucalanlardan bir nəfər Ağdamdan gələn polis, üç nəfər milli ordunun əsgəri idi. Yevlaxdan bizim kəndə köməyə gələn Tahir adlı şəxs də şəhid oldu. Döyüşlər elə gedirdi ki, insanlar istəyirdi yaba ilə düşmənin qabağına çıxıb vuruşsun. Ancaq silahımız olmadığından Xocalıdan, Kosalıdan və digər yerlərdən bizə kömək gəldi. Biz yenidən kəndə daxil olduq. Elə şəhidlərimizin sayını da onda bildik. Həmin vaxt mənim atam, xalamın ailəsi və digər qohumlarımız şəhid oldu”.

İ.Kazımov bildirib ki, Xocalı rayonunun Meşəli kənd sakinləri artıq 14 ildir Goranboy rayonunun eyniadlı qəsəbəsində məskunlaşıblar və hazırda orada 430 nəfərdən ibarət 100 ailə yaşayır:

“Mən Prezident İlham Əliyevə bizə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edirəm. Burada bizim üçün hər cür şərait yaradılıb. Məktəbimiz, uşaq bağçamız çox gözəl formada fəaliyyət göstərir. Burada hər şey öz qaydasındadır.

Bu günlərdə cinayətdə əli olanlardan biri – Vaqif Xaçatryanın həbs edilməsi xəbərini eşitdik. O anda yaşadığımız sevinci sözlə ifadə edə bilmərəm. Bütün kənd sakinləri sevincindən az qala uçurdu. Hamı bir-birini təbrik edirdi. Sağ olsun dövlətimiz, sağ olsun Ali Baş Komandanımız, sağ olsun Ordumuz. Bu gün bizim qisasımız alınıb. Əminik ki, Xocalı, Meşəli və digər yerlərdə azərbaycanlılara qarşı soyqırımı törədənlərin hər biri mütləq şəkildə cəzalandırılacaq”.

Qeyd edək ki, Vaqif Xaçatryan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.

Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçatryan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.

Ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Teqlər: