Ukraynanın Xarkov şəhərində həlak olmuş Azərbaycan
Respublikasının vətəndaşı Mahmudov Emin Zabit oğlu və onun həyat
yoldaşı Ukrayna vətəndaşı Mahmudova Lyudmilanın yetkinlik yaşına
çatmayan 3 övladı – 26.04.2007-ci il təvəllüdlü Mahmudova Renata
Eminovna, 04.11.2010-cu il təvəllüdlü Mahmudov David Eminoviç və
10.12.2017-ci il təvəllüdlü Mahmudova Dayana Eminovna cari ilin 5
may tarixində Azərbaycana təxliyə ediliblər.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Azərbaycan Respublikası vətəndaşı olan uşaqlar valideynləri həlak
olduqdan sonra tanışları tərəfindən Rusiya Federasiyası ərazisinə
keçiriliblər.
Uşaqların Azərbaycan Respublikasına repatriasiya edilməsi üçün
Azərbaycan Respublikasının dövlət qurumları tərəfindən
əlaqələndirilmiş qaydada bir sıra zəruri tədbirlər, o cümlədən
uşaqların vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və qəyyumun
təyin edilməsi həyata keçirilib.
Daha sonra, məsələ ilə bağlı Azərbaycan Respublikasının Rusiya
Federasiyasındakı Səfirliyi tərəfindən lazımi hüquqi yardım
göstərilib, uşaqların ölkəmizə gəlmələri üçün onlar qayıdış
şəhadətnamələri rəsmiləşdirilib və Azərbaycana gətirilmələri üçün
addımlar atılıb.
Məlumat üçün bildirmək istərdik ki, Azərbaycan Respublikasının
Hökumətinin dəstəyi ilə uşaqlara lazımi hüquqi, tibbi, sosial və
psixoloji yardım göstəriləcək və qəyyum ailəyə verildikdən sonra
sosial-reabilitasiya işi davam etdiriləcək.