Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
AzerTimes-a verilən məlumata görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
Daha sonra prosesdə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, hadisəni bilərəkdən törətməyib: “Hadisə ehtiyatsızlıq nəticəsində olub. Ehtiyatsızlıq nəticəsində silah əlimdə açıldı.”
Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs Pərvanə Əhmədovanın atası Süleyman Quliyev Fəqan Əhmədovdan şikayətçi olmadığını deyib:
“Fəqan və Pərvanənin arasında hər hansı problem olmayıb. Ailə münasibətləri də həmişə yaxşı olub. Onların 3 övladı var. Mən və həyat yoldaşım da artıq yaşlanmışıq. Xahiş edirəm onu bağışlayın. Fəqanla barışmışam, aramızda heç bir problem yoxdur.”
Zərərçəkmiş şəxsin anası Mətanət Quliyeva da Fəqan Hüseynova bəraət verilməsini istəyib:
“Fəqan üç uşaq atasıdır. Ailə münasibətlərində heç vaxt hər hansı bir problem olmayıb, çox mehriban idilər. Qızım da ailə həyatı qurandan Fəqandan şikayəti olmayıb. Fəqan mənim oğlum kimidi. Hadisədən bir neçə saat əvvəl qızımla danışmışam, hər şey yaxşı idi.
Mən Həzi Aslanovda yaşayıram. Gecə yarı Fəqan zəng elədi dedi ki, tez bağa gəlib uşaqlara sahib çıxın. Biz gələndə artıq hüquq-mühafizə orqanları həyətdə idi.”
Daha sonra şahid qismində sabiq hakim Fəqan Əhmədovun anası Səmayə Əhmədova oğlu ilə gəlini arasında hər hansı bir münaqişə olmadığını bildirib:
“Fəqan hadisə günü mənə zəng etdi ki, tez bağa gəlin. “Başımıza daş düşüb”, gəlin uşaqlara yiyə durun. Bağa gələndə Pərvanənin anasına da mən zəng edib məlumat verdim.
Fəqanın hadisəni qəsdən etdiyini bilsəydim onu bağışlamazdım”.
Daha sonra şahid qismində Fəqan Əhmədovun qonşusu Ələşrəf Hüseynov çıxış edib. Şahid bildirib ki, həmin gün Fəqanla birlikdə bağlarında yeyib-içiblər: “Həmin vaxt Fəqanın əhvalı çox yaxşı idi. Özünü də çox normal aparırdı. Mən hadisə baş verməsi barədə səhər xəbər tutdum.”
Daha sonra ifadə verən təqsirləndirilən şəxsin qardaşı və dayısı da digər şahidlərlə eyni məzmunlu ifadə verib.
Bundan sonra təqsirləndirilən şəxs çıxış edərək oğlunun ifadə verməməsini istəyib. Sabiq hakimin vəkilləri də vəsatəti müdafiə ediblər.
Hakimlər yerində müşavirədən sonra vəsatətin baxılmamış saxlanılmasını elan edib.
Növbəti proses sentyabrın 16-a təyin olunub.
Qeyd edək ki, bu il mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 30 may 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Twitter: @GuleliyevSamir